loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münaqişələr və təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq münaqişələr və təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

DİA-nın “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirakçıları salamladı və konfransın işinə uğurlar arzuladı. Rektor çıxışında Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, 44 günə qazanılan zəfərin və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Bildirib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. U.Ələkbərov çıxışını işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlarla yekunlaşdırdı.

Sonra DİA-nın “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri professor Namiq Əliyev çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinin siyasi-hüquqi əsasları barədə geniş çıxış etdi.

Elmi konfransın birinci hissəsində sosiologiya doktoru, dosent, Bolqarıstanın VUSİ (Plovdiv) Universitetinin Qara dəniz və Xəzər regionu problemlərinin araşdırılması laboratoriyasının müdiri Teodor Deçev, siyasi elmlər doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova, siyasi elmlər namizədi, İsrailin Aziznews.com informasiya-analitik portalının redaktoru, politoloq Yuri Boçarov, tarix doktoru (Moldova) Ruslan Şevçenko, tarix elmləri doktoru, Qırğızstanın Oş Dövlət Universitetinin professoru Baybolot Abıtov, tarix doktoru, Suxumi dövlət universitetinin dosenti (Gürcüstan) Quram Marxulia kimi ekspertlər, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimləri çıxış ediblər.

Konfransın ikinci hissəsində isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının doktorantları və magistrantları çıxış ediblər. Daha sonra konfrans iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Konfrans materialları (Beynəlxalq münaqişələr və təhlükəsizlik problemləri (məqalələr toplusu). Prof. N.H. Əliyevin elmi redaktəsi ilə. – Bakı: Elm və təhsil, 2024. – 320 s. İSBN 978-9952-568-93-6) cari ilin əvvəlində dərc olunub.