Martın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik
konfrans keçirilib.
Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1918-ci ildə
ermənilər tərəfindən törədilmiş müsəlman qırğınlarının mahiyyəti, miqyası və nəticələrindən
bəhs edən sənədli filmi nümayiş olunub.
DİA-nın I-prorektoru (tədris işləri üzrə) professor Əlikram Abdulayev erməni millətçiləri
tərəfindən 1918-ci il martın 31-də, eləcə də digər dövrlərdə xalqımıza qarşı həyata keçirilən
etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin mahiyyətindən danışıb. Bildirib ki,
erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə
– 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına
məruz qalıblar. O, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə
əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın
31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini, Prezident İlham Əliyevin 2009-cu il 30
dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”
Sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan
mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Elmi konfransda DİA-nın “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “21 mart
soyqırımının tarixi hədəfləri”, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “1918 –ci il
Lənkəran, Cavad və Göyçay qəzalarında azərbaycanlıların soyqırımı”, Quba Soyqırım
Memorial Kompleksin aparıcı mütəxəssisi Nazilə Məmmədova “1918 –ci il soyqırımlılarının
tanıdılmasında Soyqırımı Memorial Kompleksinin rolu” mövzularında məruzə ilə çıxış edərək
ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz
açıblar, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.
- 29 Mar
- 2024