Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil edilib. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərini qeyd edib. Rektor Azərbaycanda hüquqi dövlət quruculuğu işinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Urxan Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən hazırlanaraq tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrildiyini xüsusi vurğulayıb. Urxan Ələkbərov inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsində və uğurlu siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələlər, Bələdiyyələrlə iş mərkəzinin strukturu, iş prinsipi, gələcək fəaliyyət istiqamətləri barədə, eyni zamanda, DİA ilə birlikdə həyata keçiriləcək fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehti Abdullayev, DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Tarix kafedrasının müdiri professor Firdovsiyə Əhmədova, Elmi kitabxananın müdiri Fəridə Mahmudova və digərləri çıxış edərək gələcək əməkdaşlıq və fəaliyyət istiqaməti üzrə fikirlərini bildiriblər. Daha sonra tələbələrin sualları cavablandırılıb. Tədbirdə Dövlət İdarəçilik Akademiyası müəllimləri, tələbələri və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
- 26 Sep
- 2024