preloader-matrix

Dia.edu.az

Azərbaycanda tətbiq edilən yeni idarəçilik texnologiyalarının nəticələri beynəlxalq platformada

Son illər iqlim dəyişiklikləri, enerji səmərəliliyi və yaşıl enerjiyə keçid məsələləri qlobal miqyasda böyük aktuallıq qazanıb. Həmin səbəbdən bu sahədə dərc olunan elmi əsərlərə müxtəlif beynəlxalq platformalarda maraq gündən-günə artmaqdadır. Bu günlərdə Kaliforniyada fəaliyyət göstərən və alimlərin əməkdaşlığı üçün nəzərdə tutulmuş academia.edu platformasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun “Enerji səmərəliliyi davamlı inkişaf indikatoru kimi: Azərbaycanın təcrübəsi” adlı məqaləsi dərc edilib. 2017-ci ildə Kanadanın “Davamlı inkişaf” jurnalında Nyu-Yorkun Kolumbiya Universitetinin professoru Jon Lourensin həmmüəllifliyi ilə çap olunan məqalə 63 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan platformada seçilmiş məqalələr sırasında qısa zamanda böyük marağa səbəb olub.

Məqalədə Azərbaycan Respublikasının qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olduğu vurğulanıb. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Bildirilib ki, müstəqillik illərində Azərbaycan Respublikasında davamlı inkişaf naminə təbii ehtiyatların idarəedilməsi, xüsusilə də enerji səmərəliliyi sahəsində qazanılmış nəticələr postsovet ölkələri, o cümlədən indi Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yüksək göstəricidir. Dünya Bankının 2017-ci ilin fevral ayında dərc olunan məlumatlarından göründüyü kimi, bu qrupa daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə nail olmaq üçün Azərbaycanla müqayisədə daha çox enerji sərf edilir. Ölkənin enerji səmərəliliyi göstəriciləri 2003-cü illə müqayisədə 3 dəfədən çox artıb. Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident İlham Əliyev tərəfindən tətbiq edilən unikal dövlət idarəçiliyi texnologiyalarının yekunu və gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda, bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyinin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir. ÜDM-nin istehsalı üçün enerji sərfinin azaldılması əsasən yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarəedilməsi sistemlərinin optimallaşdırılması hesabına mümkündür. Platformada dərc edilən materialdan aydın olur ki, Azərbaycan hər min dollarlıq ÜDM üçün sərf olunan enerji göstəricilərinə görə Kanada, ABŞ, Fransa və Yaponiyadan irəlidədir. Neft ixrac edən dövlətlər arasında isə ölkə Norveçlə 1-2-ci yerləri bölüşür.