preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “İkinci Qarabağ müharibəsi-Zəfərə gedən yolun başlanğıcı” adlı elmi konfrans keçirilmişdir

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Şəhidlərin Anım Gününə həsr olunmuş “İkinci Qarabağ müharibəsi-Zəfərə gedən yolun başlanğıcı” adlı elmi konfrans keçirilib.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra elmi konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. U.Ələkbərov müstəqil Azərbaycanın uğurlu inkişafınında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd etmişdir.

Akademik 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbədən söz açıb. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığını, mübarizliyini xüsusi qeyd edib. Rektor Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatlarından və qazandığı möhtəşəm Qələbədən bəhs edərək bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası olmuşdur.

Daha sonra Elmi-praktik konfransda çıxış edən Milli Məclisin deputatı Dövlət İdarəçilik Akademiyası “Dövlət qulluğu və kard siyasəti” kafedrasının dosenti Aydın Mirzəzadə, Dövlət İdarəçilik Akademiyası “Politologiya və siyasi idarəetmə” kafedrasının dosenti Cəlil Xəlilov, Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov  və digər məruzəçilər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı fikir və mülahizələrini bölüşmüş, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağını qeyd etmişlər.