loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.

DİA-nın rektoru akademik Urxan Ələkbərov 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. O, faciənin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, eyni zamanda, tariximizə qürur, qəhrəmanlıq günü kimi yazıldığını qeyd edib.

Urxan Ələkbərov faciənin ertəsi günü ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırdığını, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini xatırladıb. O vurğulayıb ki, Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Ümumxalq Hüzn Günü elan edib, bununla da hadisəyə siyasi və hüquqi qiymət verilib. Bu gün dövlətimizin başçısı İlham Əliyev bütün Şəhidlərimizin o, cümlədən 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin social və digər məsələlərinin həllinə xüsusi diqqət, qayğı göstərir. Rektor, 44 günlük Qarabağ Müharibəsində xalqın birlik və bərabərlik nümayiş etdirilməsini xalqın qəhrəmanlığı kimi səciyyələndirib.

Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri dosent Firdovsiyə Əhmədova, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev və digərləri zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrini, həm də faciəli səhifələrini yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, 20 Yanvar hadisələri zamanı göstərilən qəhrəmanlıq, şücaət, xalqın birliyi hamı üçün örnəkdir. Çıxış edənlər 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını bildiriblər.