loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin növbəti onlayn görüşü 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar keçirilib.  

Tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verib. O qeyd edib ki, məktəb ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Urxan Ələkbərov qazanılan uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. Vətən müharibəsində qazanılan şanlı zəfərin də ölkənin uğurlu inkişafının məntiqi nəticəsi olduğuna diqqət çəkən rektor, ötən 44 günü Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılacaq xüsusi mərhələ kimi dəyərləndirib. Bildirilib ki, həmin günlər “Qarabağ Azərbaycandır!” şüarı ilə müşayiət olunan xalq-dövlət, xalq-hakimiyyət birliyinin, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın təzahürü idi. Akademik U.Ələkbərov Azərbaycana bu möhtəşəm qələbəni Müzəffər Ali Baş Komandanın müdrik qərarları, Şanlı Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyinin qazandırdığını qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri dosent Yusif Ağayev, dosent Zaur Məmmədov, Tələbə Gənclər Təşkiatının sədri Murad Həsənxanlı çıxış ediblər.

Sonra 2019/2020-ci tədris ili ərzində ictimai fəallıqları ilə seçilən və Vətən Müharibəsində iştirak edən tələbə və məzunlar DİA-nın xüsusi təşəkkürnaməsi ilə təltif ediliblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazlı, akademiyanın professor-müəllim heyəti, DİA-da fəaliyyət göstərən tələbə klublarının rəhbərləri və məzunlar iştirak ediblər.