loader image

Dia.edu.az

Dövlət qulluqçuları ilk mühazirələrini Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər
Okt 23 , 2017 – 11:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyasına 2017-2018-ci tədris ilində magistrlara pilləsinə qəbul olunan dövlət qulluqçuları ilk mühazirələrini DİA-nın Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi” ilə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verərək, qeyd edib ki, məktəb ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. M.Mehdiyeva Ulu Öndər Heydər Əliyevin elmə, savada, biliyə böyük diqqətlə yanaşdığını, dövlət idarəçiliyində çalışan gənc kadrlara xüsusi önəm verdiyini vurğuladı və bu baxımdan dövlət qulluqçularının ilk mühazirələrinin məhz buradan başlamalarını əhəmiyyətli hesab etdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Naxçıvan Muxtar Respublikası, mərkəzi icra hakimiyyəti orqanları, müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanlarında çalışan 75 nəfər rəhbər kadrların iştirak etdiyi mühazirədə DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan Respublikasının dövlət idarəetmə modelinin uğuru: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda mühazirəsi dinlənilib. Rektor ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb, bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib. U. Ələkbərov innovativ inkişaf strategiyasının reallaşdırılmasında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə diqqət çəkib.

Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inkişafa təsir edən amillər müqayisəli şəkildə təhlili edib. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor çıxışında ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığını vurğulayıb. Eyni zamanda o, bildirib ki, 2017-ci ilin martında BMT-nin və 2017-ci ilin may ayında Dünya Bankının dərc etdirdikləri hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır. Eyni zamanda sosial göstəricilərdən də bəhs edən akademik beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin bu baxımdan da qısa müddətdə sürətlə  inkişaf etdiyini və bir sıra inkişaf etmiş dövlətləri geridə qoyduğunu diqqətə çatdırıb. Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan akademik qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr olunub. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul edib. Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.

Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi kimi müəyyən edilib. Akademiyanın fəaliyyəti dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu, DİA-nın dövlət qulluğu üçün kadrların hazırlanması, təkmilləşməsi və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olduğunu dövlət qulluqçularının diqqətinə çatdırıb.

Mühazirənin sonunda dövlət qulluqçularının  sualları cavablandırılıb.