Dia.edu.az

DİA-da “Dövlət idarəçiliyində yeni texnologiyalar: davamlı inkişaf və inklüziv cəmiyyətə doğru” mövzusunda beynəlxalq elmi-praktik konfrans

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Dövlət idarəçiliyində yeni texnologiyalar: davamlı inkişaf və inklüziv cəmiyyətə doğru” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycanda yeni idarəetmə texnologiyaları və onların tətbiqi ilə qurulmuş səmərəli və çevik idarəetmə sistemi, həmçinin ölkəmizin bu sahədə qabaqcıl təcrübəsi və qazandığı uğurların müzakirəsinə həsr olunub. Bu gün Azərbaycan sürətlə inkişaf edir və respublikamız nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir. Ölkənin siyasi, iqtisadi, sosial və təhlükəsizlik sahələrində uğurlarının kökündə Prezident İlham Əliyev tərəfindən işlənmiş, elmin ən müasir nailiyyətlərinə əsaslanan yeni idarəetmə texnologiyaları dayanır.

Onlayn konfransda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Çin, İsrail, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Tacikistanın milli dövlət idarəçilik akademiyaları və universitetlərinin rəhbərləri, nüfuzlu mütəxəssislər iştirak ediblər.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasında yeni idarəetmə texnologiyalarının səmərəliliyi: beynəlxalq qiymətləndirmə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda işlənilmiş və dünyada ilk dəfə tətbiq edilən yeni idarəetmə texnologiyalarının inklüziv cəmiyyətin formalaşdırılmasında əhəmiyyəti vurğulanıb. Bildirilib ki, beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə, hazırda Azərbaycan Respublikası dünyada inklüziv inkişaf sahəsində maddi və insan resurslarından ən səmərəli istifadə edən ölkədir.

Rektor diqqətə çatdırıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri var.

U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payı olduğunu xüsusi qeyd edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, məhz bəhs edilən idarəetmə texnologiyaları dünyanın iqtisadi nəhənglərini diz üstə qoyan pandemiya zamanı Azərbaycanın qələbəsini şərtləndirib.

Yeni dövlət idarəçiliyi və Davamlı İnkişaf Məqsədləri, qlobal pandemiya dönəmində dövlət, müasir dövrdə dövlət qulluğunun idarə olunması, “ağıllı” şəhər və kəndlərin idarə edilməsində süni intellektin rolu, dövlət idarəçiliyində dəyişikliklərin idarə olunması, ölkələrin sülh paradiqmaları konfransın əsas müzakirə mövzularından olub.

Konfrans iştirakçılarının çıxışları və aparılan müzakirələr gedişində Azərbaycanda işlənilmiş yeni idarəetmə texnologiyalarının tədqiqi, alınan nəticələrin tədris proqramlarına, xüsusilə də dövlət qulluqçularının hazırlığı və yenidən hazırlığı prosesinə daxil edilməsi, ümumiyyətlə bu sahədə qazanılan təcrübənin digər ölkələrdə də yayılmasının faydalı ola biləcəyi qənaətinə gəlinib.