loader image

Dia.edu.az

“Qlobal dövlət idarəçiliyində insan resursları” adlı beynəlxalq konfransda ölkəmizi akademik Urxan Ələkbərov təmsil edib

Noyabrın 8-11-də Cənubi Koreya Respublikası Milli İnsan Resurslarının İnkişafı İnstitutunun təşkilatçılığı ilə “Qlobal dövlət idarəçiliyində insan resursları” adlı onlayn beynəlxalq konfrans baş tutub.

50-dən artıq ölkədən dövlət idarəçiliyi məktəbləri rəhbərləri və mütəxəssislərin qatıldığı genişmiqyaslı dördgünlük konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov təmsil edib.

Konfransda çıxış edən akademik U. Ələkbərov Azərbaycanın son illərdə iqtisadi, siyasi, humanitar inkişafı ilə bağlı məlumat verib. Natiq qeyd olunan uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb.

Rektorun sözlərinə görə, Azərbaycan Respublikası postpandemiya dönəmində qlobal miqyasda prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideridir. Akademik U.Ələkbərov inklüziv inkişaf göstəriciləri Azərbaycandan aşağı olan ölkələr arasında ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan və sairlərinin olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. İnklüziv inkişaf sahəsində Azərbaycanın dünya miqyasında 25-ci yerdə qərarlaşması və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsi Prezident İlham Əliyev tərəfindən işlənən yeni idarəetmə texnologiyalarının tətbiqinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv inkişafa yönəlik fəaliyyətinin məntiqi yekunudur. Eyni zamanda, bildirilib ki, ölkənin hazırkı inklüziv inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. U.Ələkbərov hazırkı pandemiya şəraitində də Azərbaycanda inklüziv cəmiyyətin qurulması istiqamətində genişmiqyaslı fəaliyyətin həyata keçirilməsini xüsusi vurğulayıb.