preloader-matrix

Dia.edu.az

Gəncədə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konqresi keçirilib
Okt 29 , 2015 – 09:52

Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konqresi keçirilibdir.

Konqresdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin dünya tarixçilərinin VIII beynəlxalq Atatürk konqresinin iştirakçılarına ünvanlanmış təbrik məktubunu səsləndiribdir.

Konqresdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs, AMEA İctimai Elmlər Bölməsinin (İEB) akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək VIII Beynəlxalq Atatürk Konqresinin mühüm əhəmiyyətini vurğulayıblar.

Konqresdə Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur. İki gün ərzində tarixi araşdırmalara əsaslanan maraqlı məruzələr dinlənilərək, XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə edilmiş və 130-dan çox alimin iştirak etdiyi konqresdə 90-dək elmi məruzə dinlənilibdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Konqresdə “Rusiyanın Qafqaz siyasətində Azərbaycanın yeri (1920-1922-ci illər)” mövzusunda məruzə etmişdir.

Konqresin bağlanış mərasimində Firdovsiyyə Əhmədova VIII Beynəlxalq Atatürk konqresi iştirakçılarının adından dünya ictimaiyyətinə müraciəti oxumuşdur.