Dia.edu.az

Gənclər Fondunun təşkilatçılığı ilə “Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə DİA-nın nəzdində fəaliyyət göstərən “Heydər Əliyev dövlət idarəçiliyi məktəbi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda seminar keçirilib. Seminarda ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının otuza yaxın rəhbər və nümayəndəsi iştirak edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə seminar iştirakçılarına gənclər siyasətinin formalaşmasında Heydər Əliyevin oynadığı tarixi rol, ulu öndərin siyasi irsi və müasir Azərbaycanın inkişafı yolunda nümayiş etdirdiyi böyük siyasi iradə barədə ətraflı məlumat verərək, Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu, Azərbaycanın II Qarabağ müharibəsində qazandığı tarixi qələbənin əsasında Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını diqqətə çatdırıb.

Seminar çərçivəsində gənclərlə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar Aydın Mirzəzadə tərəfindən cavablandırılıb. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə atdığı tarixi addımlar, azərbaycançılıq ruhunun dirçəldilməsi və müstəqil Azərbaycan Respublikasının inkişafı istiqamətində gördüyü işlərin öyrənilməsi gələcəyin liderləri üçün yüksək əhəmiyyətə malikdir.

Tədbirdə iştirak edən Dövlət İdarəçilik Akademiyasının prorektoru Cəfər Eyvazlı və Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov Heydər Əliyev irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin gənclərin qarşısında duran əsas vəzifələrdən biri kimi xüsusilə qeyd ediblər.