preloader-matrix

Dia.edu.az

Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində DİA-ya yeni qəbul olunmuş doktorant və dissertanların ilk məşğələsi keçirilmişdir
Apr 17 , 2018 – 11:15

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasında “Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi” tərəfindən məşğələ təşkil edilmişdir.  Məşğələdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Davamlı və inklüziv inkişaf naminə yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış etdi.

Rektor ilk öncə DİA-a yeni qəbul olunmuş doktorant və dissertantları təbrik etdi və onlara elmi fəaliyyətlərində uğurlar arzuladı. Davamlı inkişafın XXI əsr və Üçüncü Minilliyin başlıca prioriteti olmasını vurğulayan akademik, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində “Davamlı İnkişaf Məqsədləri”ndə yer almış və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox məsələlərin müəyyən dərəcədə bizim ölkəmizdə artıq yerinə yetirildiyini qeyd etdi. Məruzədə həmçinin qeyd edildi ki, beynəlxalq statistikaya əsasən, Azərbaycan Respublikasının uzunmüddətli tərəqqinin əsas şərti olan davamlı inkişafı hədəfləyən nailiyyətləri bugün “Böyük yeddilik” (G 7) və “Böyük iyirmilik” (G 20) dövlətləri ilə müqayisə olunacaq səviyyədədir, bəzi hallarda isə onların göstəricilərindən üstündür. 

U.Ələkbərov 2018-ci ilin yanvar ayında Davosda keçirilən İqtisadi Foruma diqqəti çəkərək, 12 indikator üzrə hesablanan inklüziv inkişaf indeksinə görə ölkəmizin inkişaf edən ölkələr arasında 3-cü yerə çıxmasını böyük uğur kimi qiymətləndirdi. Məlumat üçün bildirildi ki, inklüziv inkişaf indeksi, əsasən, dünyanın ayrı-ayrı ölkələrində ÜDM-in çeşidli mənbələr hesabına artırılması, təbii və maliyyə resurslarının səmərəli idarə edilməsi, əhali arasında sosial bərabərliyin gücləndirilməsi və s. mühüm amillər nəzərə alınaraq müəyyən olunur.

Daha sonra öz çıxışında Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində dövlət siyasətinin yüksək səmərəliliklə planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd edən akademik, onlar arasında idarəçilik sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiların xüsusi yer tutduğunu vurğuladı. Natiq ölkənin innovativ tərəqqisinin əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu məruzədə xüsusi vurğulandı. Fondun gerçəkləşdirdiyi proqramlar, qurumun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyəti ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfə olduğu diqqətə çatdırıldı.

Məşğələnin sonunda doktorant və dissertantları maraqlandıran suallar cavablandırıldı.