preloader-matrix

Dia.edu.az

“Heydər Əliyev Dövlət İdarəçilyi Məktəbi”ndə növbəti açıq mühazirə dinlənilmişdir
Fev 19 , 2015 – 03:40

19 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinın birgə əməkdaşlığı ilə Dövlət İdarəçilik Akademiyası “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”də “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” adlı növbəti açıq mühazirə dinlənilmişdir. Mühazirəni Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təqdim etmişdir.

“Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”nin növbəti açıq mühazirəsində Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək keçirilən görüşü gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağılılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Rektor tədbirin zəruriliyini milli-mənəvi dəyərlərin qorunub-saxlanması, gənc nəslə aşılanmasının vacibliyi, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac olduğu ilə əlaqələndirmişdir. Rektor Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətə, milli dəyərlər sisteminə “keçmişə ehtiram, gələcəyə ümid” ideyasına diqqəti cəlb etmiş, tarixən sivilizasiyaların qovuşduğu məkan kimi tanınan Azərbaycanda etnoslararası ənənəvi dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, bütöv vətənçilik təfəkkürünün bu diyarda əxlaqi-etik dəyərlərə əsaslanan tolerant mühitin formalaşdığını xatırlatmışdır. Bu gün ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği  istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətindən, bu sahəyə olan diqqət və qayğısından danışmışdır.

Sonra Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öncə görüşün əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, ali təhsil müəssisələri içərisində gənclərin intelllektual potensialının yüksək olması ilə fərqlənən və gələcəkdə dövlət idarəetmə sistemində çalışacaq gənclərlə görüşməyin vacibliyini və onların bu sahədə maarifləndirilməsini əhəmiyyətli hesab etdiyini qeyd edib. O, ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği  istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

      Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından  danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.  Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Mühazirəçi ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görülməsi, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirmişdir. Natiq ölkəmizin inkişaf strategiyasından danışarkən qeyd edib ki, Azərbaycan Cənub Qafqazın lider dövlətidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Azərbaycanın iqtisadi inkişaf modeli ilə yanaşı, eyni zamanda toleranrtlıq modeli ilə tanınan bir ölkə olduğunu sübüt etmişdir. Bununla yanaşı o, qeyd edib ki, hələ də insanların təfəkküründə səhv dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlı olur. Bütün bunlar, bəzi hallarda gənclərin çaşdırılmasına gətirib çıxarır. Tədbirdə ümumilikdə belə bir fikir dominantlıq təşkil edib ki, cəmiyyətdə qanunlarla yanaşı, milli-mənəvi dəyərlərimiz də mühüm rol oynayır və bu dəyərlərin qorunmasında gənclərin rolu olduqca əhəmiyyətlidir.

Dövlət İdarəçilik Akademiyası “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” adlı növbəti açıq mühazirənin sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.