preloader-matrix

Dia.edu.az

“Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabın təqdimatı
May 01 , 2014 – 04:10

May ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında millət vəkili, tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman”adlı kitabın müzakirəsi keçirilmişdir.  

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək, Ümummilli Liderimizin 91 illik yubileyi ərəfəsində belə bir kitabın yazılmasını yüksək qiymətləndirmiş, bütün həyatını öz xalqına xidmətə həsr edən ulu öndər Heydər Əliyevin 91-illiyinə layiqli töhfə olmasını qeyd etmiş, eyni zamanda gənc nəsillər, siyasət sahəsində çalışan mütəxəssislər, bu sahənin tədqiqi ilə məşğul olan elm adamları üçün qiymətli vəsait olduğunu bildirmişdir. Rektor “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyi müəllifin uzun illəri əhatə edən zəngin yaradıcılıq fəaliyyətinin nəticəsi olduğunu qeyd etmiş, onun bədii düşüncə ilə yanaşı, daha çox real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin və arxiv sənədlərinin məhsulu olduğunu bildirmişdir.

O, həmçinin Ədəbiyyat sahəsi üzrə 2014-cü ilin Dövlət  mükafatlarına Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” – 6 cildlik əsərinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən  Dövlət Mükafatına təqdim edildiyini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınında bu təqdimatı dəstəklədiyini bildirmişdir.

Kitabın ictimai müzakirəsində Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova,  Milli Məclisinin üzvü, texnika elmləri doktoru, professor, Heydər Əliyevşünaslığa böyük töhfələr vermiş yazar Hüseynbala Mirələmov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Asif Rüstəmov, DİA Tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quliyev,  DİA-nın “Siyasi araşdırmalar institutu”nun direktoru, professor Elman Nəsirov və başqaları çıxış edərək Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmış, kitab haqqında fikirlərini bildirmişlər. Çıxış edənlər Elmira Axundovanın ümummilli lider Heydər Əliyev irsinin ən məhsuldar tədqiqatçılarından biri olduğunu demiş, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinə qədər o, ulu öndərimizin siyasi bioqrafiyasının bu və ya digər dövrlərini əks etdirən xalqımızın Ümummilli Liderinə həsr olunan və siyasi publisistikanın ən yaxşı nümunələri sayılan əsərlərdən biri olduğunu bildirmişlər.

 Çıxış edənlər “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabını Azərbaycanda roman-tədqiqat janrında yazılmış əsəri Heydər Əliyevşünaslıq elminə qiymətli töhfə olduğunu bildirmişlər.

Təqdimat mərasimində çıxış edən “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müəllifi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı-publisist Elmira Axundova göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.