preloader-matrix

Dia.edu.az

İdarəçilik Akademiyasinda Cümhuriyyət anildi
May 24 , 2017 – 10:52

24 may 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov açıb.

Dövlət himninin səslənməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan qısa film göstərilib. 

Müstəqilliyin böyük nemət olduğunu söyləyən akademik U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bir neçə gün öncə cümhuriyyətin yaranmasının 100 illiyinin qeyd olunması barədə sərəncam verdiyini xatırlayıb. Prezident sərəncamına uyğun İdarəçilik Akademiyasında da tədbirlər planı hazırlanacağını, bu məqsədlə təşkilat komitəsi yaradılacağını vurğulayıb.

Sonra DİA-nın “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan muxtariyyəti tələbindən İstiqlal bəyannaməsinə gedən yol” barədə məruzə edib. 

Tarixçi-alim 1917-ci il fevral inqilabından sonra Qafqazda baş verən ictimai-siyasi prosesləri təhlil edib, Azərbaycan ziyalılarının milli-mədəni muxtariyyət uğrunda apardıqları mübarizədən danışıb. Çar Rusiyasının devrilməsindən sonra yeni tarixi şəraitdə ziyalıların, ictimai-siyasi xadimlərin Azərbaycan istiqlalı tələbi ilə çıxış etdiklərini vurğulayıb. F.Əhmədova tarixi faktlara söykənərək qeyd edib ki, 1918-ci il mayın 28-də qəbul olunan istiqlal bəyannaməsi birdən-birə inqilabi proseslərin nəticəsi kimi ortaya çıxan akt deyil: “Bu artıq XIX əsrin axırlarından başlayaraq cəmiyyətimizdə ziyalıların milli düşüncəsinə yönələn fəaliyyəti ilə bağlı idi. Və artıq XIX əsrin axırlarından başlayaraq cəmiyyətimizdə ziyalıların cümhuriyyət quruluşlu bir cəmiyyət arzusunun nəticəsidir”.

Tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru “Azərbaycan milli mətbuatının istiqlal mücadiləsində rolu” mövzusunda məruzə edib. A.Aşırlı bildirib ki, cümhuriyyət ideyası milli mətbuatın səhifələrində formalaşıb. Cümhuriyyət liderlərinin tərcümeyi-halına fikir versək aydın olar ki, bu böyük şəxsiyyətlərin əksəriyyəti siyasi publisistika ilə məşğul olub. Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ü.Hacıbəyli, C.Hacıbəyli, Ş.Rüstəmbəyli dövrün qüdrətli qələm sahibləri idi.

Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Arifə Adıgözəlova “Fevral inqilabından sonra Azərbaycan siyasi sistemində Müsəlman Milli komitələrinin yeri” mövzusunda məruzəsində 1918-ci ilin mayına qədərki dövrü xarakterizə edib.

Rektor akademik U.Ələkbərovun yekun sözü ilə elmi-praktik  konfrans öz işini yekunlaşdırıb.