preloader-matrix

Dia.edu.az

“İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimi keçirilib
Dek 27 , 2014 – 11:27

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN School” könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan “İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov idarəetmənin müasirləşməsində biliklə yanaşı, təcrübənin də mühüm rol oynadığını söyləyib. Bildirib ki, bu baxımdan “İnnovativ idarəetmə məktəbi”nin yaradılması mühüm addımdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışında deyib ki, “ASAN xidmət”in ən böyük amalı vətəndaş məmnunluğunu təmin etməkdir. Bu günlərdə “ASAN xidmət” fəaliyyətə başlamasının iki illiyini qeyd edəcək. Bu müddətdə ölkədə fəaliyyət göstərən 7 “ASAN xidmət” mərkəzində 3,5 milyon vətəndaşa xidmət göstərilib.
Diqqətə çatdırılıb ki, hazırda “ASAN xidmət” mərkəzlərində 500-ə yaxın könüllü çalışır. Onların əksər hissəsi Dövlət İdarəçilik Akademiyasının məzunları və ya tələbələridir. Prezident İlham Əliyevin Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışındakı çıxışına diqqəti cəlb edən İ.Kərimov qeyd edib ki, könüllülük artıq “ASAN xidmət” mərkəzlərində bir təcrübə məktəbi kimi sistemli olaraq fəaliyyət göstərir. Bu tədris – təcrübə proqramı 2 mərhələdən ibarətdir. İlkin mərhələdə könüllülər 2 ay müddətində “ASAN xidmət” mərkəzlərində təcrübə keçirlər. İkinci mərhələdə, yəni “ASAN School” könüllülük proqramının “Master 2” mərhələsində isə “ASAN xidmət”in dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində könüllülər bu qurumlarda 2 ay fəaliyyətlərini davam etdirirlər. İlkin olaraq pilot layihə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi və Vergilər nazirlikləri layihəyə cəlb olunub. Gələcəkdə digər dövlət qurumlarının da layihəyə qoşulması nəzərdə tutulub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, gənclərin əmək bazarına keçidi prosesi çətin olduğu üçün “İnnovativ idarəetmə məktəbi”nin yaradılması mühüm addımdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gənclərə dəstək verməyə hazır olduğunu bildirib.
Vergilər Nazirliyinin insan resursları idarəsinin rəisi Faiq Şahbazov bu layihənin reallaşmasına görə təşkilatçılara təşəkkürünü bildirib.
Sonra “ASAN xidmət”in könüllüləri çıxış ediblər.
Daha sonra könüllülərin hazırladıqları videoçarx nümayiş etdirilib. “ASAN School” proqramının “Master 2” mərhələsində iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.
“İnnovativ idarəetmə məktəbi” çərçivəsində təşkil ediləcək müxtəlif təlim, tədbir və görüşlərdə könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edəcəklər.