loader image

Dia.edu.az

Kadr potensialı dövlət idarəetmə sisteminin əsas tərkib hissələrindən biridir
Fev 02 , 2017 – 12:20

28 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə” mövzusunda növbəti seminar Masallı rayonunda keçirilib.

Masallı rayonununda fəaliyyət göstrən müxtəlif dövlət qurumlarının əməkdaşları və Masallı Asan Xidmət Mərkəzində çalışan dövlət qulluqçuları üçün təşkil edilmiş seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru, millət vəkili professor Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyası “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli məruzə ilə çıxış ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Azərbaycanın innovativ davamlı inkişaf modeli: uğurlar beynəlxalq təşkilatların sənədlərində (2015-2016)” mövzusunda məruzə edib. Akademik ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Ümummilli Liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışaraq deyib ki, ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır. Bu strategiyanın reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilməlidir.

Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan Urxan Ələkbərov qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr olunub. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul edib. Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.

Urxan Ələkbərovun ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların 2016-cı il üçün qiymətləndirmələrinə əsaslanan çıxışı zamanı Azərbaycanın davamlı inkişafını əks etdirən nailiyyətlər, müxtəlif sahələr üzrə göstəricilər monitorda nümayiş olunub.

Seminarda çıxış edən Millət Vəkili, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və DİA-nın Elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli “vurğulayıblar ki, ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlayıb. Bu illər ərzində dövlət müstəqilliyimiz möhkəmlənib, ölkə daxilində siyasi sabitliyə nail olunub, Azərbaycan fəlakətdən xilas edilib. Ulu Öndərin formalaşdırdığı siyasət bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda cənab Prezident tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan edilməsinin əhəmiyyəti, dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, müasir çağırışlara cavab verən kreativ kadr potensialının formalaşdırılması və idarəedilməsi məsələlərinə diqqət çəkilib. Məruzələrdən sonra seminar iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.