preloader-matrix

Dia.edu.az

Mayın 23-də təhsilin magistr pilləsini bitirən dövlət qulluqçularına diplomlar təqdim olunub
May 24 , 2015 – 09:48

Təhsilin magistr pilləsini bitirən dövlət qulluqçularına diplomlar təqdim olunub

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ilk dəfə dövlət qulluqçuları üçün ixtisasartırma və yenidənhazırlanma istiqaməti üzrə təhsilin magistr pilləsini bitirən dövlət qulluqçularına diplomların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarından danışan rektor Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 11 dekabr tarixli “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər barədə” Fərmanının icrasının təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərdən söz açıb.

Akademik U.Ələkbərov müasir dövrdə dövlətin gücünün və qüdrətinin təkcə onun təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual potensial, insan kapitalı ilə müəyyənləşdirildiyini bildirib, insan kapitalının inkişafı və davamlılığının təmin edilməsində dövlətimizin həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyevin təhsillə bağlı mühüm sənədlər imzaladığını qeyd edən rektor dövlətimizin başçısının “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətin xalqa xidmət etdiyini bildirib, Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyətini vurğulayıb.

“İnsandan uca, insandan vacib dövlət üçün heç bir şey yoxdur”,- deyən F.Abdullazadə qeyd edib ki, hər bir dövlət qulluqçusu ilk növbədə böyük vətənpərvər olmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

DİA-da təhsilin magistr pilləsini bitirən dövlət qulluqçularını təbrik edən F.Abdullazadə onlara tövsiyələrini verib, uğurlar arzulayıb.

Təhsilin magistr pilləsini bitirən dövlət qulluqçuları çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra təhsilin magistr pilləsini bitirən dövlət qulluqçularına diplomlar təqdim olunub.