preloader-matrix

Dia.edu.az

Müasir Dünya və Azərbaycanlıların Soyqırım Həqiqətləri adlı Elmi-Praktiki Konfrans keçirilmişdir

28 mart 2014-cü il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı  İcması” İctimai Birliyi, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müasir Dünya və Azərbaycanlıların Soyqırım Həqiqətləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ruhları yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan  Ələkbərov, Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyətinin  açıqlandığı,  bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir.  Akademik Urxan  Ələkbərov ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırmış, son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd etmişdir.

Daha sonra çıxış edən “Azərbaycan  Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı  İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfəroverməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qaldığını vurğulamışdır. O qeyd etmişdir ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. O, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti  açıqlanmış,  bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini vurğulamışdır. Bu siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan ərazi bütövlüyü  danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsini, ölkəmizin milli mənafelərinin qorunması şərtilə  münaqişənin ədalətli şəkildə  həll olunacağına olan ümidləri daha artırdığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən məruzəçilər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, Firdovsiyyə Əhmədova  “1918-ci il Soyqırımı”,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti,  “Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri”, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin Sədri Ceyhun Ələkbərov “Soyqırımların Tanıdılmasında gənclərin və QHT-nin rolu”, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə Yaşayan Azərbaycanlılarla   İş üzrə sektorun müdiri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru  Qafar Əliyev, “Soyqırım və deportasiya həqiqətlərinin dünyaya  çatdırılması sahəsində gələcək perspektivlər” mövzularında çıxışlar etmişlər.

Tədbirin sonunda 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət qəbul edilmişdir.