preloader-matrix

Dia.edu.az

Multikulturalizmlə bağlı dövlət siyasəti üzrə təhsil kursunun növbəti mərhələsi başlayıb
Noy 10 , 2015 – 11:02

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rəhbər kadrların fasiləsiz təhsili mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin intellektual dəstəyi ilə “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti” istiqaməti üzrə əlavə təhsil kursunun növbəti mərhələsi başlayıb.

Dörd günlük kursda Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının rayonları, respublika tabeli şəhər icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak edirlər. Kursun əsas məqsədi dövlət idarəetməsində çalışan kadrlara Azərbaycanın dövlət siyasətinin önəmli istiqamətlərindən birini təşkil edən multikulturalizmin mahiyyəti, mənəvi və hüquqi, siyasi əsasları barədə hərtərəfli bilgilər çatdırmaqdır.

Kursu giriş sözü ilə akademiyanın rektoru, akademik Urxan Ələkbərov açıb. Sonra millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda məruzəsi dinlənilib.

Dövlət müşaviri qədim ənənələrə malik Azərbaycanda tarixən yaşamış müxtəlif xalqların dil, din və mədəniyyət fərqlərinin olmasına baxmayaraq, onlar arasında həmişə mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, bunun ənənə halı almasından bəhs edib. Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpasından sonra multikulturalizm və tolerantlıq mədəniyyəti ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkədə milli və dini icmalara bərabər şərait yaradılır, multikulturalizmin Azərbaycan modeli dünyaya nümunə kimi təqdim olunur. Məruzəçi bu istiqamətdə Heydər Əliyev Fondunun gərgin fəaliyyətini də diqqətə çatdırıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətin bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirən Kamal Abdullayev həyata keçirilən layihələr, xüsusən “Azərbaycan multikulturalizmi” fənnin xarici ölkə və yerli universitetlərdə tədrisi ilə bağlı məlumat verib.

Sonda dinləyicilərin mövzu ilə bağlı sualları cavablandırılıb.