preloader-matrix

Dia.edu.az

“Qlobal iqtisadi böhran şəraitində Azərbaycanın davamlı inkişafının təmin edilməsi” mövzusunda Respublika Elmi-praktik konfrans keçirilmişdir
Mart 30 , 2016 – 04:04

Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının təşkilatçılığı ilə 29 mart 2016-cı ildə “Qlobal iqtisadi böhran şəraitində Azərbaycanın davamlı inkişafının təmin edilməsi” mövzusunda Respublika Elmi-praktiki  konfransı keçirilmişdir. Konfransda Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin, Elmi Təşkilat şöbəsinin, Həmkarlar İttifaqı Komitəsinin, Tələbə-Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun, Azərbaycan Turizm İnstitutunun və digər ali təhsil və ET  mərkəzlərinin əməkdaşları, doktorantlar, magistrantlar və tələbələr iştirak etmişdir.

Konfransda prof. Ç.İsmayılov giriş sözü ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqındakı Sərəncamını rəhbər tutaraq yeni iqtisadi şəraitdə Azərbaycanın davamlı inkişafının təmin edilməsi məsələlərinin elmi təhlili hərtərəfli aparılmalıdır.

Öz məruzəsini Azərbaycanda Xüsusi İqtisadi Zonaların yaradılmasının vacibliyi məsələsinə hərs edərək prof. Ç.İsmayılov qeyd etmişdir ki, bu zonaların yaradılması ölkənin iqtisadi inkişafında əlavə təkanverici amillərdən biri olacaqdır. Müasir dövrdə Azərbaycanın insan potensialının daha səmərəli istifadəsi təbii ki, birbaşa olaraq yeni iş yerlərinin açılması ilə bağlıdır. Xüsusi İqtisadi Zonalar potensial sərmayədarlar üçün cazibədar bir ərazi olaraq, burada yeni müəssisələrin yaradılmasına gətirib çıxaracaqdır. O, həmçinin, qeyd etdi ki, Ələtdə yaradılan Xüsusi İqtisadi Zona ilə yanaşı gələcəkdə belə iqtisadi zonaların yaradılmasında diqqət ölkənin ucqar sərhədyanı bölgələrinə (Sədərək-İğdır, Astara, Culfa, Azərbaycan-dağıstan sərhəddi, Qırmızı Körpü və s.) yönəlməlidir.

Daha sonra konfransın plenar bölməsinin davamı olaraq prof. K.Səlimov (BDU) – “Azərbaycanın davamlı inkişafının təmin edilməsində hüquqi məsələlərin həlli”, F.r.e.f.d. F.Hümbətov (ASK) – “Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan və Avropa Birliyi ölkələrinin davamlı inkişafına təsiri”, i.e.f.d. E.Abasov (DİA) – “Azərbaycan Respublikasında idarəetmənin avtomatlaşdırılmasının tətbiqi problemləri”, İ.e.f.d. E.Əhmədov (DİA)–“Azərbaycanda su resurslarının davamlı idarə edilməsi”, S.Əhmədov (AzETKTİTİ)–“Qlobal maliyyə böhranı şəraitində kiçik və orta sahibkarlığın davamlı inkişafın təmin olunmasında rolu” mövzularında çıxış etmiş, konfrans iştirakçıları tərəfindən verilən suallar və məruzələrlə qəbul olunan Sərəncamın zəruriliyi və ölkəmizin davamlı inkişafının prioritetlərini əks etdirən məsələlər müzakirə olunmuşdur. Müzakirələrdə xüsusilə DİA-nın Elmi Təşkilat Şöbəsinin rəhbəri dos. R.Rəhimli, İqtisadiyyatın Dövlət Tənzimlənməsi kafedrasının müdiri dos. Y.Zeynalov və Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti O.Əliyev  iştirak etmişlər.

Konfrans öz işini bölmə iclaslarında davam etdimişdir.