loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Konstitusiya islahatı günün tələbidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Sen 27 , 2016 – 12:49

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı Ümumxalq səsverməsində (Referendumda) ilk dəfə iştirak edəcək gənclərin maariflənməsinə həsr olunmuş “Konstitusiya islahatı günün tələbidir” mövzusunda elmi-praktiki konfrans olub.

Sentyabrın 22-i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda giriş sözü ilə çıxış edən Akademiyanın rektoru, Bilik Fondu Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərov Konstitusiyaya təklif olunan dəyişikliklərin səbəblərindən danışıb. Rektor ölkənin 25 illik müstəqillik tarixində böyük inkişaf yolu keçdiyini xatırladaraq, bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələri sırasında Azərbaycan bütün sahələr üzrə sürətlə inkişaf edən və bu istiqamətdə adından söz etdirən dövlətdir: “Azərbaycan orta göstəricilərinə görə C-7 ölkələrini arxada qoyub. Belə inkişafın nəticəsində təbii ki, qanunvericilikdə dəyişikliklərə böyük zərurət yaranır. Konstitusiyaya dəyişikliklər edilməsi ideyası məhz bu məntiqin davamıdır”.

Akademik Urxan Əkbərov vətəndaşların seçkidə daha aktiv iştirakını təmin etmək məqsədi ilə Bilik Fondunun apardığı təbliğat-təşviqat işlərindən danışıb, ilk dəfə səs verənləri bu prosesə kütləvi olaraq qoşulmağa çağırıb. Rektor bildirib ki, seçkidə iştirak edərək səs verməklə vətəndaşlara yaradılan demokratik şəraitdən yararlanmaq, ölkənin ictimai-siyasi həyatında rol almaq istəyən hər bir insanın arzusu olmalı, xüsusən, gənclər bu arzunun ardınca mətin addımlarla irəliləməlidirlər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışına ilk dəfə tələbə adı qazananları təbrik etməklə başlayıb, yüksək bal toplayanlara ali məktəb illərində də bu səviyyəni qoruyub saxlamağı tövsiyə edib. 26 sentyabrda keçiriləcək Referendumla əlaqədar təşviqat-təbliğat işlərində rəhbərlik etdiyi qurumun fəaliyyətinə diqqət çəkən icraçı direktor Yeni Azərbaycan Partiyası və Bilik Fondunun “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qısa şərhi” adlı toplu hazırladıqlarını, artıq kitabçanın nəşr olunaraq əhaliyə paylanması işinə başlanıldığını xatırladıb. O.Səmədov da öz növbəsində hər bir Azərbaycan vətəndaşını Referendumda iştiraka səsləyib və Konstitusiyaya təklif olunacaq dəyişikliklərin mahiyyətini dərindən öyrənməyin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən mütəxəssislər ilk dəfə səs verəcək gənclərə seçki prosesi ilə bağlı geniş məlumat veriblər. Dövlət İdarəçilik Akademiyası Hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyevin “Konstitusiyaya edilən dəyişikliklər cəmiyyətin sosial sifarişidir” mövzusunda fikirlərini səsləndirərkən bildirib ki, Konstitusiyaya dəyişikliklərin tarixi xronologiyasına nəzər saldıqda 7 rəqəmi xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, 1995, 2002, 2016-cı illər arasındakı fərq ardıcıllığı onu deməyə əsas verir ki, Azərbaycan stabil inkişaf edir: “17-ci, 18-ci əsrlərdə siyasi təhlilçilər Konstitusiyanı at, cəmiyyəti araba adlandırıdı. Müasir dövrdə bu misalı bir qədər yeniləşdirərək belə deyə bilərik: Konstitusiya lokomotivdir, cəmiyyət ağır tonnajlı qatar. Bu qatar dayana bilməz və illər ötdükcə mexanizmləri təzələnməlidir ki, qarşıdakı hədəfə rahat və itkisiz çata bilsin”.  

Akademiyanın kafedra müdiri seçicilərin, xüsusən də ilk dəfə səs verənlərin bu amili nəzərə aldıqlarını, dəyişikliklərin nə qədər mütərəqqi xarakter daşıdığını nəzərə alıb səsvermədə aktiv iştirak edəcəklərinə inandığını deyib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Hüquq və azadlıqların təminatı yeni müstəvidə” mövzusundakı çıxışı Konstitusiyaya təklif olunan dəyişikliklərin maddə-maddə ətraflı izahı üzərində qurulub. Aparat rəhbəri 29 maddəyə təklif olunan əlavə və dəyişiklikləri hazırda qüvvədə olan adekvat maddələrlə müqayisə edərək, yeni təkliflərin üstünlükləri barədə hüquqi aspektdən çıxış edərək məlumat verib: “Cənab Prezident İlham Əliyevin başçılığı ilə ölkədə iqtisadi, siyasi, mənəvi, bir sözlə bütün istiqamətlərdə böyük inkişafın şahidiyik. Bununla yanaşı, inkişaf məhz həyatımıza təsir edir. Belədə qanunlarda, xüsusən də ölkə Konstitusiyasında dəyişiklik edilməsi, maddələrin zamanın tələbinə uyğunlaşdırılması vacib və qaçılmazıdr”.

Konfransda səsləndirilən fikirlər iştirakçıların marağına, seçki maarifçiliyi ilə bağlı bilgilərinin artmasına səbəb olub və gənclər adından çıxış edən Akademiyanın siyasi idarəetmə fakültəsinin I kurs tələbəsi, ali məktəbə 700 balla daxil olan Təbriz Qasımov məhz bu amillərə toxunub. Referendumun keçiriləcəyi günü səbirsizliklə gözlədiklərini deyən tələbəvə seçkidə aktiv şəkildə iştirak etməyə hazır olduqlarını bildirib.  

Konfransın sonunda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış və səsvermə qaydalarına həsr olunmuş video-çarx nümayiş olunub.