loader image

Dia.edu.az

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilib
Noy 11 , 2014 – 02:05

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilib.
Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda rektor, akademik Urxan Ələkbərov çıxış edərək böyük Ermənistan xülyası ilə yaşayan ermənilərin öz məqsədlərinə çatmaq üçün xarici qüvvələrdən də istifadə edərək Azərbaycana qarşı müxtəlif ərazi iddiaları irəli sürdüklərini söyləyib.

Rektor ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi, terrorçuluğa qarşı mübarizə üzrə ekspert Azər Səlimov “Terrorçuluq və təcavüzkar separatçılıq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir” mövzusunda məruzə ilə çıxış edib.
A.Səlimov deyib ki, müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. Terrorçuluqla mübarizədə bütün beynəlxalq ictimaiyyət səylərini birləşdirməlidir. Azərbaycan terrorçuluqdan uzun illər əziyyət çəkən bir ölkə olub. XX əsrin sonlarında yenidən müstəqilliyə qovuşan Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdi, Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal edildi, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum oldu. Müstəqilliyimizin bərpasından sonrakı illərdən etibarən Azərbaycan ərazisində 373 terror aktı törədilib ki, onların nəticəsində minlərlə insan həyatını itirib, yaralanıb, şikəst olub. Azərbaycan dövlətinə və xalqına böyük maddi və mənəvi ziyan dəyib. Azərbaycan xalqı erməni təcavüzkarlarının əli ilə XX əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını yaşayıb.

“Sovet təhlükəsizlik orqanlarında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti” mövzusunda məruzə ilə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, professor  Cəlal Qasımov bildirib ki, ermənilər bolşevik imperiyasından kifayət qədər yararlanıb və öz xeyirlərinə istifadə ediblər. C.Qasımov ermənilərin Azərbaycanın milli mənəvi dəyərlərini özününküləşdirmək, görkəmli şəxsiyyətləri, milli təfəkkürə malik insanları aradan götürmək və ərazini parçalayıb ələ keçirmək planlarından danışıb. O əlavə edib ki, ötən əsrin 50-ci illərindən sonra ulu öndər Heydər Əliyevin birləşdirmə siyasəti ermənilərin bu fəaliyyətinə son qoydu.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov konfransda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər” mövzusunda çıxış edib.
F.Sadıqov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlardan biri də itkin düşmüş insanlarla bağlıdır. Beynəlxalq hüquqda müharibələr həmişə tənqid olunur. Çünki müharibələr zamanı insanlar həlak olur, əsir düşür, girov götürülürlər. Bu gün Azərbaycanın üzləşdiyi problem isə çox fərqlidir. İnsanlar yaşadıqları yerlərdən, dədə-baba yurdlarından deportasiya olunublar, sonra silahlı münaqişə başlayıb. Bu münaqişə nəticəsində Azərbaycanda 20 mindən çox insan həlak oldu. Bu günə qədər isə 4 mindən artıq itkin düşmüş vətəndaş var. Hazırda komissiya onların axtarışı ilə məşğul olur. Dövlət Komissiyasının yaradılmasından keçən 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının bir qisminin cənazəsi ölkəyə gətirilib, bir qismi isə erməni girovluğundan azad olunub.

İşçi qrupunun rəhbəri deyib: “Azərbaycana qarşı törədilən soyqırımı siyasətinin fərqli cəhəti ondan ibarətdir ki, ən dəhşətli müharibələr zamanı belə mülki əhaliyə ermənilərin bizə göstərdiyi kimi qəddar münasibət göstərilməyib. Bu, soyqırımı siyasətidir, həm də Azərbaycanın tarixinə, mədəniyyətinə qarşı cinayət aktıdır”.
F.Sadıqov deyib ki, axtarış prosesində bir sıra digər məqamlar – azərbaycanlılara qarşı işgəncələr, memarlığımıza, mədəniyyətimizə, tarixi abidələrimizə yönəlmiş cinayət faktları da üzə çıxır.

Konfransda digər çıxış edənlər bildiriblər ki, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq, soyqırımı, terrorçuluq və silahlı separatçılıq siyasətinə, eləcə də tarixi ərazilərimiz, maddi mənəvi abidələrimizlə bağlı iddialara qarşı mübarizənin daha da gücləndirilməsi, birbaşa hücum taktikasına üstünlük verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tövsiyələri rəhbər tutularaq bu istiqamətdə görülən işlərin daha məqsədyönlü və planlı şəkildə təşkili önəmlidir. Bunları nəzərə alaraq müvafiq dövlət qurumları, eləcə də Azərbaycan və Türkiyə diaspor təşkilatları arasındakı əlaqələr, habelə ölkələrimizin beynəlxalq miqyasda mövcud siyasi-iqtisadi və elmi dairələrlə münasibətləri daha da inkişaf etdirilməlidir.