loader image

Dia.edu.az

Azərbaycan Respublikasının uğurları beynəlxalq elmi nəşrdə çap olunub

2021-ci ildə SSRİ-nin süqutunun 30 illiyi münasibətilə Moskvada dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu ekspertlər, dövlət qurumları təmsilçiləri, ictimai və siyasi xadimlərin iştirakı ilə beynəlxalq forum keçirilib. Forumda Azərbaycanı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təmsil edib. “Rusiya və dünya pandemiyadan sonra” başlığı altında keçirilən forum çərçivəsində Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının təşkilatçılığı ilə nəşr olunan “Postsovet məkanı ölkələrində dövlət idarəçiliyinin təkamülü” adlı informasiya-analitik toplunun təqdimatı olub. Toplunun təqdimatına hazırda Avropa İttifaqı üzvü olan bütün postsovet ölkələrinin aparıcı idarəçilik məktəblərinin rəhbərləri qatılıblar. Qeyd edək ki, sözügedən topluda postsovet məkanında formalaşan müstəqil ölkələrin dövlət idarəçilik sistemlərinin inkişafına milli baxışlar əksini tapıb. Beləliklə, nəşrin başlıca məqsədi hər bir keçmiş SSRİ respublikasının son 30 ildə keçdiyi yolun dərk edilməsi, qazanılan nailiyyətlərin və dövlət idarəçiliyinin inkişaf perspektivlərinin dəyərləndirilməsidir. Azərbaycana həsr olunan analitik icmalı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru Nizami Məmmədov, DİA-nın Tədris metodiki və analitika şöbəsinin müdiri professor Ziyafət Həbibova və Dövlət Qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli tərtib ediblər. Müəlliflər Azərbaycan haqqında ümumi tarixi, siyasi, mədəni, iqtisadi, sosial arayış təqdim etməklə yanaşı, beynəlxalq reytinqlərdə ölkənin uğurları ilə bağlı dəyərləndirmələri, dövlət və yerli idarəetmə sistemi, inzibati islahatlar və onların hüquqi, institusional təminatı, dövlət qulluğunun inkişafı, dövlət qulluqçularının yenidən hazırlanması və ixtisasının artırılması sisteminin təkmilləşdirilməsi, informasiya cəmiyyətinin inkişafı, rəqəmsal transformasiya və dövlət idarəçiliyi sahəsində kompleks dəyişikliklər, vətəndaş məmnunluğunun təmini, vətəndaş cəmiyyətinin rolu və siyasi institutlara etimadı, qərar qəbulu prosesində iştirakı ilə bağlı təhlil və proqnozlarını geniş oxucu kütləsinin diqqətinə təqdim ediblər.

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə xüsusi yer ayrılıb. Nəşrdə Dünya İqtisadi Forumunun hesabatına əsasən, inklüziv inkişaf indeksinə görə Azərbaycan Respublikasının postsovet ölkələri arasında Litva və Estoniyadan sonra üçüncü yeri tutması faktının təhlilinə də geniş yer verilib. Göstərilib ki, Davos Forumu Azərbaycanı davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması naminə dünyada resurslardan ən səmərəli istifadə edən ölkə olaraq müəyyənləşdirib. Nəşrdə, həmçinin Davos Forumunun Prezidenti professor Klaus Şvabın dünyanın 146 ölkəsində iqtisadi imkanlar və sosial siyasətlə əlaqədar hesabatından bəhs olunub. Qeyd edilib ki, ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi Afrika, Vyetnam kimi ölkələrin nailiyyətlərinin müqayisə edildiyi həmin hesabatda Azərbaycan iqtisadi imkanlarından sosial problemlərin həlli və inklüziv cəmiyyətin formalaşdırılması naminə ən səmərəli istifadə edən nümunəvi ölkədir. Həmin hesabata görə, Azərbaycanın reytinqi +23-dür və bu, dünyada ən yaxşı göstəricidir. Bu nailiyyətlərin qazanılmasında ölkədə Birinci vitse-prezident institutunun təsis edilməsi və bu vəzifədə Mehriban Əliyevanın müstəsna fəaliyyətinin rolundan xüsusi bəhs edilib. Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapması da xüsusi vurğulanıb. Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirilib. Böyük tarixi dövrün təhlilinə həsr olunmuş elmi iş Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının “Dövlət qulluğu” jurnalında da tirajlanıb.