Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları üçün 21-22 iyun 2022-ci il tarixində “Dövlət idarəçiliyində liderlik” mövzusunda onlayn təlim keçirmişdir. İki günlük təlimin ilk günündə giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış etdi. O, dövlət qulluqçuları üçün “Azərbaycan Respublikasının innovativ inkişafı uğurlu liderlik siyasətinin nəticəsi kimi” mövzunda təlim keçdi. Rektor son illər, xüsusilə müharibə ərəfəsində və müharibədən sonra Azərbaycan siyasətinin uğurlu yöndə inkişafından, məhz bu ərəfələrdə ölkə Prezidenti cənab İlham Əliyevin bütün dünyaya örnək olan liderlik siyasətinin keyfiyyətlərindən söhbət açdı.
Daha sonra “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, dos.Rəcəb Rəhimli dinləyicilər üçün “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim keçdi. O, çıxışında liderlik nədir, liderlik və inzibatçı arasındakı fərqlər, uğurlu komandanın effektiv lideri, liderin funksiyaları, təşkiletmə bacarıqları, güclü tərəfləri, liderlik xüsusiyyətləri qrupları və s. kimi mövzulara toxundu. “Liderliyin əsasları və idarəetmə” mövzusunda olan bu təlim dinləyicilərin böyük marağına səbəb oldu.
Təlimin ikinci günü DİA-nın tədris şöbəsinin müdiri, “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının professoru Ziyafət Həbibova “Dövlət idarəçiliyində dəyişikliklərin idarə edilməsi” adlı mövzu ilə çıxış etdi. O, dəyişiklik nədir, dəyişikliklərin idarəedilməsi strategiyası, dəyişikliklərin idarə olunmasının strateji xətti və s. problemlərə toxunaraq dinləyiciləri məlumatlandırdı.
Kursun ikinci gününün son təlimini isə “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Anar Həsənov təqdim etdi. O, “Liderlik etikası” mövzusunda uğurlu interaktiv təlim keçirdi və dinləyicilərlə fikir mübadiləsi apardı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu tərəfindən təşkil olunmuş iki günlük təlimdə dinləyicilərin sualları cavablandırıldı və təklifləri dinlənildi. Təlim uğurla başa çatdı.