Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədbirlər planı çərçivəsində, xocavəndlilərin məskunlaşdığı Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş səyyar təlim keçirilib. Təlim Dövlət İdarəçilik Akademiyası və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün nəzərdə tutulub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının davamlı inklüziv inkişaf sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” adlı təqdimatla çıxış edib. Urxan Ələkbərov təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. U.Ələkbərov vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. O, qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Akademik qeyd edib ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazılıb. Eyni zamanda, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, 30 ildən artıqdır yürütdüyü işğalçılıq siyasətinin, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun region üçün yaratdığı ciddi təhdidləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələrin informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğatına ciddi zərbə vurduğunu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndiyini qeyd edib. Rektor təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu qeyd edib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb. Təlimin sonunda dinləyicilərin sualları cavablandırılıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər.
- 31 Май
- 2023