Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları üçün təlim keçib. Təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının müvafiq bəndinin icrasını təmin etmək məqsədi daşıyır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bəndinin əsas icraçısı Dövlət İdarəçilik Akademiyasıdır. Təlimdə DİA-nın rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyalarının siyasi, iqtisadi və hərbi uğurları” adlı məruzə ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. U.Ələkbərov Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Rektor beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. Akademik U.Ələkbərov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq tədbirlərindən, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlardan, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlərdən bəhs edib.
- 02 Ноя
- 2023