Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Əvvəlcə DİA-ya yeni qəbul olan tələbələr və onların valideynlərinin akademiya ilə ilk tanışlığı təşkil edilib. Onlara Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi, tədris auditoriyaları, tədqiqat mərkəzləri, elmi kitabxanası barədə ətraflı məlumat verilib. DİA-da 2024-2025-ci tədris ilinin ilk tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış bu təhsil ocağının əldə etdiyi nailiyyətlərdən, respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanması işində mühüm rolundan danışıb. Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan rektor tələbələrin biliyi, bacarığı ilə idarəçilik sahəsinə töhfə verəcəklərinə ümidvar olduğunu deyib. Qeyd edib ki, müasir dövrdə ölkənin gücü onun təbii sərvətləri ilə yanaşı, həm də insan potensialı ilə müəyyən edilir. Rektor 2024-2025-ci tədris ilində Dövlət İdarəçilik Akademiyasına qəbul olanların əksəriyyətinin yüksək bal topladıqlarını diqqətə çatdırıb. Tədbirdə çıxış edən müəllimlər və tələbələr xoş arzularını bildiriblər.
- 17 Сен
- 2024