Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasında bakalavr təhsili alan tələblərinə nəzəri biliklərlə yanaşı, müvafiq dövlət orqanlarında çalışan təcrübi əməkdaşlar tərəfindən praktiki biliklərin verilməsi təcrübəsindən də geniş istifadə olunur. Bu ənənənin davamı olaraq, 28 noyabr 2024-cü il tarixində Hüquq kafedrasının təşkilatçılığı ilə DİA-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı şöbəsinin müdiri Fərhad Ələkbərov tərəfindən “Ailə hüququnda övladlığa götürmə və himayədar ailə institutu” mövzusunda elmi seminar keçirilmişdir. Övladlığa götürmə və himayədar ailə institutu Ailə hüququnda valideyn himayəsindən məhrum olan uşaqların tərbiyə formalarından olmaqla bu qəbildən olan uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsini təmin edir. Adı çəkilən institutların prioritetliliyinin yüksədilməsi məqsədilə uşaqların rifahının yaxşılaşdırılması və onların müdafiəsi ilə bağlı məsələlər ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, bu sahədə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələr Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir. Elmi seminarda çıxış edən Fərhad Ələkbərov övladlığa götürmə və himayədar ailə ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərə toxunmuş, ölkə Prezidentinin 15 fevral 2022-ci il tarixli Fərmanı ilə himayədar ailə ilə əlaqədar dövlət siyasətinin formalaşdırılmasının Nazirliyə həvalə edilməsindən bəhs etmiş, 12 iyul 2023-cü il tarixindən himayədar ailənin yaranması ilə bağlı Ailə Məcəlləsinin müvafiq maddələrinə edilmiş köklü dəyişiklikləri, himayədar ailənin yaranma mərhələlərini və onların təcrübədə tətbiqi məsələlərini ətraflı şəkildə izah etmiş, himayədar ailə modeli ilə bağlı dünya dövlətlərinin təcrübəsini müqayisə edərək Azərbaycanın bu sahədə daha təkmil hüquqi bazaya malik olmasını qeyd etmiş, övladlığa götürmə və himayədar ailə institutlarının formalaşdırılmasında əsas məqsədin valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə və inkişaf etməsinə şəraitin yaradılmasından ibarət olduğunu bildirmişdir. Övladlığa götürmə və himayədar ailə institutlarının praktiki tətbiqi məsələlərinin ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi nəzarətində olmasını xüsusilə vurğulamışdır. Daha sonra elmi seminar interaktiv formada davam etmiş, Fərhad Ələkbərov tələbələrin övladlığa götürmə və himayədar ailə ilə əlaqədar onları maraqlandıran suallarını cavablandırmış, Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev elmi seminarın keçirilməsi ilə əlaqədar Nazirlik tərəfindən verilən dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə və maraqlı çıxışına görə Fərhad Ələkbərova təşəkkürünü bildirmişdir.
- 29 Ноя
- 2024