Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib.
Beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış etmişdir. O, Azərbaycan və Çin arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu qeyd edərək, müasir dövrdə ekoloji və sosial-humanitar məsələlərin qlobal xarakterli problemlər kimi diqqət mərkəzində olduğunu bildirmişdir: “Dünya birliyi inkişafın davamlı və dayanıqlı olması yolu ilə bu problemlərin həll edilməsini ön plana çıxarıb. Hazırda bu prosesin reallaşması istiqamətində müəyyən nailiyyətlər əldə olunub. Lakin qlobal miqyasda 2030-cü ilə qədər nəzərdə tutulmuş bəzi məqsədlərin həyata keçirilməsi bir qədər ləngiyir. Bu faktorlar onu göstərir ki, inkişafın idarə edilməsində yeni yanaşmalar lazımdır. Yeni yanaşmalar dedikdə, dünya öz inkişafında ekoloji sivilizasiya mərhələsinə keçid etməlidir. Qeyd etmək lazımdır ki, bu termin və ümumiyyətlə, sözügedən konsepsiya 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış və Ümummilli Lider Heydər Əliyev tərəfindən BMT-nin “İnsan İnkişafı Hesabatı”nda təqdim olunmuşdur. Çin məhz bu sahədə qlobal lider mövqeyini qoruyub saxlayır. 2007-ci ildə Çin Kommunist Partiyasının XVII Qurultayında ekoloji sivilizasiya konsepsiyası ümummilli konteksdə qeyd edilib. Bu partiyanın 2012-ci ildə keçirilən XVIII Qurultayında isə ekoloji sivilizasiya Çinin Konstitusiyasına daxil edilib. Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin Kommunist Partiyasının 2017-ci ildə keçirilən XIX Qurultayında bu konsepsiyanın nə qədər əhəmiyyətli olduğunu və onun hansı mexanizmlərlə həyata keçirilməsi barədə ətraflı çıxış edib”.
Rektor vurğulayıb ki, 2024-cü ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində COP29 tədbiri çox uğurla həyata keçirilib: “Bildiyiniz kimi, bəzi dairələr iddia edirdilər ki, bu mötəbər konfransın ölkəmizdə keçirilməsi mümkün deyil. Hələ bu söhbətlər gedən ərəfədə – 2023-cü ildə və daha sonra 2024-cü ildə Dünya İqtisadi Forumu yeni bir hesabat dərc etmişdir. Dünya ölkələrinin enerji keçidinə həsr olunmuş bu hesabatda Azərbaycan 120 ölkə arasında 32-ci yeri tutmuşdur. Bu uğurlu nəticə onu göstərir ki, Azərbaycan sözügedən sahəni ən effektiv idarə edən ölkələr sırasındadır. Bütün bunlar dövlətimizin qlobal səviyyədə böyük nailiyyətlər əldə etdiyini bir daha nümayiş etdirir. Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda ekoloji sivilizasiya konsepsiyasına əsaslanan möhtəşəm işlər həyata keçirir. Yeni yaşayış mərkəzləri, sosial-iqtisadi infrasrukturlar həmin bölgələrdə bu tələbatlara tam uyğun olaraq yaradılır”.