loader image

Dia.edu.az

DİA-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün ““İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklər” adlı təlim keçirilmişdir

2025-ci il aprelin 8-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Dövlət İdarəçilik Akademiyasında ““İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklər” mövzusuna həsr olunmuş təlim keçirilmişdir. Təlimdə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev mühazirə ilə çıxış etmişdir. Tədbirin əsas məqsədi bu Konvensiyanın mahiyyəti və tələbləri barədə məlumatlılığının artırılması, eyni zamanda milli qanunvericiliyin beynəlxalq standartlara uyğunluğunun təşviqi olmuşdur. 
Təlim zamanı Konvensiyanın qəbul tarixi, hüquqi mexanizmləri, iştirakçı dövlətlərin öhdəlikləri və irqi ayrı-seçkiliyin qarşısının alınması istiqamətində beynəlxalq təcrübələr müzakirə olunmuşdur. Eyni zamanda, iştirakçılara Konvensiya çərçivəsində təqdim olunan hesabatların hazırlanması və BMT-nin Müvafiq Komitəsinə təqdim olunması prosesi barədə ətraflı məlumat verilmişdir.
Professor İsaxan Vəliyev irqi ayrı-seçkiliyin qarşısının alınmasının qlobal əhəmiyyətini vurğulamış, insan hüquqlarının müdafiəsində universal yanaşmanın önəmini qeyd etmişdir.
Azərbaycan Respublikasının mövqeyi təlim zamanı xüsusi diqqət çəkmişdir. Prof. İ. Vəliyev Azərbaycanın 1996-cı ildə ‘İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında’ Beynəlxalq Konvensiyanı ratifikasiya etməsi, eləcə də ratifikasiyadan sonra bu sahədə beynəlxalq öhdəliklərinə uyğun şəkildə həyata keçirdiyi institusional və hüquqi tədbirlər barədə iştirakçılara geniş və əsaslandırılmış məlumat təqdim etmişdir. Ölkədə irqi və etnik müxtəlifliyə malik bir cəmiyyətin mövcud olduğu qeyd edilmiş, tolerantlıq və multikulturalizm prinsiplərinin dövlət siyasətində mühüm yer tutduğu vurğulanmışdır.
Təlim interaktiv şəkildə təşkil olunmuş, iştirakçılar sual-cavab sessiyalarında aktiv iştirak etmiş, praktiki nümunələr əsasında irqi ayrı-seçkiliyin tanınması və qarşısının alınması yollarını müzakirə etmişlər.