Noyabrın 7- də Dövlət İdarəçilik Akademiyasının Böyük akt zalında Zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən bəhs edib. O, Vətən müharibəsində əsgər və zabitlərimizin böyük fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərdiklərini vurğulayıb.U.Ələkbərov ötən 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi, siyasi, hərbi gücümüzün artdığını bildirib. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib. Müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdi. Xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz parçalanma təhlükəsindən xilas oldu. Nəticədə aparılan sistemli daxili və xarici siyasət, Prezident İlham Əliyevin siyasi, iqtisadi, diplomatik müstəvidə əldə etdiyi uğurlar istər 44 günlük müharibə vaxtı, istərsə də son 5 il ərzində Azərbaycanın suverenliyinin tam təmin olunması ilə nəticələndi.
Daha sonra konfransda Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova, Qarabağ İrsini Araşdırmalar Mərkəzi”nin rəhbəri, professor Elçin Əhmədov, Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev Tarixi Zəfərin müxtəlif aspektlərinə toxunmuşlar.
Tədbirin sonunda xatirə fotosu çəkilmişdir.










