05
noyabr 2025-ci il, Naxçıvan — Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət
qulluqçuları üçün “Dövlət idarəçiliyində maraqlar toqquşması və anti-korrupsiya
siyasəti” mövzusunda təlim keçirilmişdir.
Təlim “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın
2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planında Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) həvalə
olunmuş tədbirlər çərçivəsində həyata keçirilmişdir.
Təlimdə
Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq
elmləri doktoru, professor İsaxan Vəliyev və “Hüquq” kafedrasının müəllimi, hüquq
üzrə fəlsəfə doktoru Seyfulla Aslanov çıxış
etmişlər.
Təlimdə dövlət idarəçiliyində
etik davranış standartlarının tətbiqi, maraqlar toqquşmasının qarşısının
alınması, şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunması mexanizmləri,
eləcə də korrupsiyaya qarşı mübarizənin institusional əsasları ətraflı şəkildə
təhlil olunmuşdur.
Çıxışlarda
qeyd olunmuşdur ki, anti-korrupsiya siyasətinin gücləndirilməsi dövlət idarəçiliyinin
səmərəliliyinin, şəffaflığının və ictimai etimadın yüksəldilməsinin mühüm
istiqamətlərindən biridir. Bu siyasət dövlət qulluğunda etik prinsiplərin tətbiqinə,
idarəetmədə hesabatlılıq və şəffaflıq mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə
də ictimai nəzarət institutlarının inkişafına xidmət edir.
Təlim
zamanı dövlət qulluqçularına maraqlar toqquşmasının müəyyənləşdirilməsi və
qarşısının alınması üzrə praktiki yanaşmalar, habelə real situasiyalara əsaslanan
nümunəvi halların təhlili təqdim olunmuşdur. İnteraktiv müzakirələr çərçivəsində
iştirakçılar dövlət qulluğunda etik qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi
istiqamətində fikir mübadiləsi aparmışlar.




















