Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələri təltif ediliblər

“ASAN xidmət”in, Azərbaycan Respublikasının Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu baş tutub.

Tədbir 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar təşkil olunub.

Bakı Konqres Mərkəzində keçirilən Forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, könüllülər və digər şəxslər iştirak ediblər.

BMT-nin Könüllülər Təşkilatının icraçı koordinatoru Toyli Kurbanovun videomüraciəti nümayiş olunub.

Qonaqlar ölkəmizdə gənclərin müxtəlif istiqamətlərdə və hərtərəfli inkişafı üçün könüllülük fəaliyyətinin önəmindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin dəstəyi və tapşırığı əsasında bu hərəkatın son dövrlərdə bütün dövlət qurumlarında tətbiqi istiqamətində ciddi nailiyyətlər əldə olunub. Həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə Azərbaycan könüllülərinin müstəsna fədakarlığı və əməyi ifadə olunub.

Tədbir çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının hesabatı təqdim olunub, həmçinin müxtəlif nominasiyalar üzrə könüllülər təltif ediliblər. 2021-ci il ərzində könüllük fəaliyyəti sahəsində xüsusi fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Anar Musayev, Zəhra Məmmədli və Mirzaur Hüseynli də təltif edilənlər arasında olmuşdular.

Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!