loader image

Dia.edu.az

Yerli icra hakimiyyətlərində çalışan dövlət qulluqçuları üçün distant təlim keçirilib
Apr 29 , 2019 – 11:48

2019-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün növbəti distant təlim keçirilib.

Təlimin əsas məqsədi ölkənin innovativ və inklüziv inkişafı üçün hədəflərin yeni istiqamətləri ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olub.

15 rayonu əhatə edən yerli icra hakimiyyətlərində çalışan müvafiq dövlət qulluqçuları üçün növbəti distant təlimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov «Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi» mövzusunda açılış mühazirələri ilə çıxış edib.

Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində Azərbaycanın inklüziv inkişaf indeksi Avropa İttifaqına üzv olan bir çox dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilib. O, Azərbaycanın uğurlu inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rol oynadığını bildirib.

Təlimin sonunda distant təlimə qoşulan yerli icra hakimiyyətlərində çalışan dövlət qulluqçularının mövzu ilə bağlı sualları cavablandırılıb.