preloader-matrix

Dia.edu.az

Tələbələr arasında coğrafiya olimpiadası başa çatıb
Dek 28 , 2015 – 10:36

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası” layihəsinin final mərhələsi keçirilib.

Layihənin məqsədi tələbələr arasında Azərbaycan coğrafiyasına marağın artırılması, bu sahə üzrə yeni biliklərin əldə edilməsidir.

Olimpiadanın yarımfinalında yarışan doqquz ali təhsil müəssisəsinin hər biri üzrə ən yaxşı nəticə göstərən iki komanda finalda mübarizə aparıb. Gərgin yarışmanın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Storm” və “Tornado”, Azərbaycan Dövlət İqtisad Universitetinin “Unec” komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.

İlk üç yerin sahiblərinə hədiyyələr, medal və kuboklar təqdim edilib. Olimpiadanın bütün iştirakçılarına isə sertifikatlar və hədiyyələr verilib.

Azərbaycan coğrafiyası olimpiadasının qalib komanda üzvlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor akademik Urxan Ələkbərov qəbul edib və tələbələrə uğurları üçün təşəkkürünü bildirib.