preloader-matrix

Dia.edu.az

Tolerantlıq günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir
Noy 15 , 2016 – 12:51

15 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Tolerantlıq günü münasibətilə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbir iştirakşılarını salamladı. Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini xatırladan rektor Azərbaycanın bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını vurğulayıb. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ölkəmizdə məskunlaşan bütün xalqların və müxtəlif dinlərin nümayəndələri birgəyaşayış nümayiş etdirirlər. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının yaşam tərzidir.

   Dəyirmi masada çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, DİA-nın Humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev, DİA-nın “Tarix” kafedrasının professoru Fuad Məmmədov , “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının dosentləri Bayram Haqverdiyev, Şəfa Abdullayeva , Radif Mustafayev, Tarix kaferdasının müdiri, dosent Firdovsiyyə Əhmədova,  İnzibati İdarəetmə fakültəsinin tələbəsi Xanım Paşayeva  və digərləri çıxış etdilər.

Çıxışlarda Prezident İlham Əliyev tərəfindən cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırlandı, vurğulandı ki, məqsəd dövlətçilik məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni müxtəlifliyin qorunmasını təmin etmək, ölkəmizin dünyada multikulturalizm mərkəzi kimi daha çox tanınmasına töhfə verməkdir. Azərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrildiyini deyən natiqlər, respublikamızın bu sahədə bir çox ölkələr üçün nümunəvi bir model olduğunu, dünyanın onlarla ölkəsinin ali təhsil müəssisələrində multikulturalizmin Azərbaycan modeli fənn kimi tədris planlarına daxil edildiyini bildirdilər. Həmçinin çıxışlarda ölkə əhalisinin etnik irqi, mənəvi-mədəni, dini müxtəlifliyindən asılı olmayaraq, onların hüquq və azadlıqlarına hörmətlə yanaşmanı təmin edilməsi, bu anlayışın nəzəri əsasını azadlıq, bərabərlik, qardaşlıq kimi dəyərlərin təşkil etməsi qeyd edildi.

Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.