preloader-matrix

Dia.edu.az

Ulu Öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu” mövzusunda Respublika Elmi Konfransı
Apr 30 , 2014 – 04:16

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu” mövzusunda Respublika Elmi Konfransı keçirilir. Konfransın mövzusu müasir şəraitdə qərar qəbulu məsələlərində informasiya texnologiyalarından istifadənin  aktuallılığına həsr olunub. Konfransın işində dövlət qurumları, bələdiyyələr, respublikanın ali təhsil müəssisələri həmçinin qeyri-hökumət təşkilatı nümayəndələri, tanınmış alimlər və qabaqcıl texnologiyalar üzrə tanınmış mütəxəssislər iştirak edirlər.

Respublika Elmi Konfransını giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov iştirakçılarını salamlamış, ümummilli liderin dövlətçiliyimiz qorunması sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha xatırlamış, Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin idarəetmə təcrübəsindən danışmış, bu irsin tələbə və müdavimlərə öyrədilməsi üçün Akademiyada həyata keçirilən məqsədyönlü işlərdən söz açmışdır.

O, əsası ümummilli lider tərəfindən qoyulan strateji istiqamətin, onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunun və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərin görüldüyünü qeyd etdi.

Hər bir ölkənin informasiya  məkanı və mühiti,  informasiya ehtiyatları, texnologiyaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının  səviyyəsini və dinamikasını müəyyənləşdirir deyən rektor, biliklərə əsaslanan tərəqqinin əldə edilməsində, gələcəyə yönəlik qərarların qəbulunda, ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və  təhlükəsizliyinin təminatında,  milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı verilən qərarların əsasında elmi-analitik təfəkkürün, aparılan elmi tədqiqatların əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

Respublika Elmi Konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müdiri, iqtisad elmləri doktoru  X.Hüseynova- Dövlət sektorunda idarəetmə qərarlarının qəbulunda mütərəqqi texnologiyaların tətbiqi xüsusiyyətləri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya texnologiyaları Baş idarəsinin  rəisi, texnika elmləri doktoru, gömrük xidməti general mayoru İ.Babayev-“Dövlət təşkilatlarında innovasiya layihələrinin idarə olunması prinsipləri”, Energetika Nazirliyinin Dövlət və Beynəlxalq Proqramlara Nəzarət Departamentinin rəhbəri, iqtisad elmləri doktoru M.Məmmədov-“Enerji sektorunun idarəedilməsində proqram məqsədli metodun səmərəliliyi”, AMEA-nın İqtisadiyyat İnstitutunun  elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru A.Muradov-“İKT-nin iqtisadi inkişafa təsiri: səmərəlilik, reallıqlar və perspektivlər”, AMEA-nın Kibernetika İnstitutunun dosent H.Cəfərova-“Bank göstəricilərinin klaster modelinin qərar qəbulunda rolu”, Qərb Universiteti, kafedra müdiri, dosent E.Abasov-“Qeyri-müəyyənlik şəraitində bank risklərinin riyazi modelləşdirilməsi”, Qərb Universiteti, dosent A.Həsənova-“Oyunlar nəzəriyyəsinin qərar qəbulunda tətbiqi”,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrası, dosent A.Mehdiəliyev-“Azərbaycanda bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi və onun gələcək inkişafının proqnozlaşdırılması” və.s mövzularda məruzə və maraqlı təqdimatlarla çıxış etmiş və bu sahədə qabaqcıl texnologiyalarının tətbiqinin əhəmiyyəti, əldə edilmiş uğurlar və dünya təcrübəsindən istifadə problemləri müzakirə olunmuş,  inkişaf perspektivləri konkret təkliflərlə müəyyənləşdirilmişdir.