preloader-matrix

Dia.edu.az

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Direktoru Frensis Qarri Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” adına layiq görülüb
May 15 , 2014 – 03:51

15 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Direktoru cənab Frensis Qarriyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktor”u adının verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonağı salamlamış Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış müəllif-hüquq sisteminin və Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətini, respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik sisteminin yaradıldığını bildirmişdir. Ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət qayğısı ilə əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradıldığını, əqli mülkiyyətin mühafizəsi sahəsində ölkənin elmi-texniki potensialının saxlanması, qorunması üçün zəruri işlərin həyata keçirildiyini qeyd etmişdir. Qonağı Elmi Şura üzvlərinə təqdim edən rektor bildirdi ki,  cənab Frensis Qarri bir sıra Avropa ölkələrinin və dünyanın ən nüfuzlu universitetlərinin yüksək mükafatları və fəxri doktoru adları ilə təltif olunub, BMT sistemi rəhbərlərinin Məşvərət Şurasının İdarəetmə məsələləri üzrə yüksək səviyyəli komitəsinin sədri, Cenevrədəki beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə üzrə Məşvərətçi Komissiyanın üzvü kimi fəaliyyət göstərib, bu gün də peşəkar müəllim kimi də fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasındakı əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərini, dünyada əqli mülkiyyətin qorunmasındakı fəaliyyətini, beynəlxalq arenada dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına olan töhfələrinə görə Dövlət İdarəçilik Akademiyanın Elmi Şurası 15 may 2014-cü il tarixli iclasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Direktoru cənab Frensis Qarriyə Akademiyanın “Fəxri Doktoru” adının verilməsini barədə qərar qəbul edilmişdir. Elmi Şuranın qərarı elan edildikdən sonra qonağa “Fəxri Doktor” diplomu, xatirə medalı, xatirə plaketi, mantiya və hədiyyə təqdim olunmuşdur.

Daha sonra çıxış edən qonaq ona “Fəxri Doktor” adının verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə, onun professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirib, bu yüksək ada layiq görülməsindən məmnun olduğunu deyib. Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, beynəlxalq arenada artan nüfuzunu və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını xüsusi qeyd edib.

Mərasimdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinın sədri Kamran İmanov çıxış edərək qeyd etdi ki, əsası Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və bu gün möhtərəm cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs Azərbaycanda müəllif-hüquq institutunun daha da inkişaf etməsinə, əqli mülkiyyətin beynəlxalq qorunma standartlarına uyğunlaşdırılmasına və yüksək templərlə inkişaf edən iqtisadiyyatımızda vacib faktora çevrilməsinə zəmin yaratmışdır. O, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəsmi məqsədinin iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərmək, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ölkəmizlə beynəlxalq müqavilənin bağlanması, milli qanunvericiliyin təkmilləşməsinə dəstək verilməsi, texniki və hüquqi yardım göstərilməsi və. s istiqamətində olduğunu bildirdi. O, ölkənin texniki və iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, bu sahədə hüquqların qorunmasına və beynəlxalq sistemlərə inteqrasiyaya təminatın yaradılması, qanunvericiliyə uyğun digər işlər yerinə yetirilməsi istiqamətindəki fəaliyyəti, beynəlxalq aməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşdü.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, cənab Ramiz Həsənov da iştirak edib.