preloader-matrix

Dia.edu.az

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib
May 11 , 2015 – 03:37

Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ankaradakı Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) “Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı” mövzusunda konfrans təşkil edilib.

Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, sabiq nazirlər, TODAİE-nin müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan azərbaycanlı tələbələr, diasporların və KİV-lərin nümayəndələri iştirak ediblər.

Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Türkiyə Respublikası Baş nazirinin müavini Numan Kurtulmuş, iqtisadiyyat naziri Nihat Zeybəkçi, mədəniyyət və turizm naziri Ömər Çəlik, təhsil naziri Nabi Avcı, Ankara şəhərinin valisi Mehmet Kılıçlar və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin tədbirə ünvanladıqları təbriklər oxunub.

Konfransda Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TODAİE-nin baş direktoru Onur Ender Aslan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və başqalarının çıxışları dinlənilib.

Natiqlər müdrik şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı siyasi fəaliyyətinin tarixi əhəmiyyətindən, Ulu Öndərin Azərbaycan xalqının dövlətçilik salnaməsinə daha bir şanlı səhifə yazmasından, dahi rəhbərin həyata keçirdiyi uzaqgörən inkişaf strategiyasının mahiyyətindən danışıblar.

Rəsmi hissədən sonra bədii hissə keçirilib.

Sonda Ümummilli Liderin çoxşaxəli fəaliyyətini, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən fotoşəkillərdən ibarət sərginin açılışı olub.