preloader-matrix

Dia.edu.az

“Xocalı soyqırımı: ədalət harayında” adlı elmi-praktik konfrans keçirilmişdir

Fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı soyqırımı: ədalət harayında” adlı elmi-praktik konfrans keçirilmişdir. Soyqırım qurbanlarıın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətmələri, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qalması, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsi, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsi, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərini xatırlatdı. Bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsini tövsiyyə edərək, eyni zamanda bu hadisələri Azərbaycanın Respublikasının ərazi bütövlüyü yolunda, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini bildirdi.

Rektor qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. O, diqqətə çatdırdi ki, ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimayyət tərəfindən tanınmaqdadır. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox effektiv təbliğat işləri həyata keçirilməkdədir. Bunun işlərin nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi  soyqırım kimi tanınıb. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışmış,  diqqətə çatdırmışdır ki, ermənistanın soyqırımı siyasəti həyata keçirdiyi artıq sübut olunmuşdur.

Daha sonra elmi-praktik konfransda Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən olan Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir hadisə olduğundan, Xocalı faciəsinin siyasi-hüquqi qiymətindən, bütövlükdə hadisənin soyqırım, insanlıq əleyhinə cinayət faktının olması, anoloji faciələrlə müqayisədə təhlili barədə öz fikir və mülahizələri bildirən  Milli Məclisin üzvü Aydın Mirzəzadə “Xocalı soyqırımı ermənistanın total hücumunun nümunəsi kimi”, DİA-nın “Tarix” kafedrasının müəllimi tarix elmləri doktoru, professor Həvva Məmmədova “Xocalı soyqırımı insanlığın faciəsi”, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafdrasının dosenti Elçin Əhmədov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının koordinatoru Orxan Əkbərov və digərləri məruzələrlə çıxış etdilər.

Çıxışlarda Ermənilərin Xocalı da daxil olmaqla Dağlıq Qarabağ münaqişəsi barədə yetişməkdə olan gənc nəsil arasında Azərbaycanın yaxın tarixi keçmişində xalqımıza qarşı törədilmiş aktların əsl səbəbləri barədə geniş izahat işlərinin aparıldığı, həqiqətlərin dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmağı bildirilmişdir. Bütün çıxışlarda regionun lider dövləti olan Azərbaycanın bu problemi tezliklə həll edəcəyinə əminlik bildirildi.