Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) əməkdaşları 19-23 may 2025-ci il tarixlərində Huawei texnologiya şirkəti tərəfindən təşkil olunmuş “HCIA-AI training for teachers (Müəllimlər üçün Huawei Sertifikatlı İKT Mütəxəssisi – Süni İntellekt təlimi)” mövzusunda beynəlxalq təlim proqramında iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılara süni intellektin (AI) tətbiq sahələri, maşın öyrənməsi (Machine Learning), dərin öyrənmə (Deep Learning) alqoritmləri, eləcə də süni intellektin inkişafına dair nəzəri və praktik biliklər təqdim olunub. Təlimin sonunda iştirakçılar rəsmi HCIA-AI imtahanında uğurla iştirak edərək müvəffəqiyyətli nəticələr əldə ediblər.
DİA-da keçirilmiş görüş zamanı Elm və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elvin Əzizbəyov Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə ictimaiyyətlə əlaqələr meneceri Zhou Qinyao və Huawei Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr meneceri Nigar Əliyevaya təlimin təşkilinə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, HCIA-AI təlimində süni intellektin tətbiqi üzrə yeni yanaşmaların öyrənilməsi interaktiv təhsil texnologiyalarının daha geniş istifadəsinə və tədris proqramlarının innovativ inkişafına dəstək verməklə yanaşı, Akademiya ilə Huawei arasında strateji əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Görüşün sonunda imtahanı uğurla keçmiş iştirakçılar – Ayxan Xubanov, Aygün Qurbanova, Gülnar Mirzəyeva, Günel Əfəndiyeva və Aysan Məmmədova Huawei şirkəti tərəfindən HCIA-AI sertifikatları ilə təltif olunublar.