DİA əməkdaşı beynəlxalq rəqəmsal sammitdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Dillər kafedrasının baş müəllimi, fil.f.d. Azadə Mikayılova 5-7 İyun 2025-ci іl tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində Moldova Respublikasının İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən təşkil olunmuş “Moldova Rəqəmsal Sammit 2025” (MDS25) tədbirində iştirak edib. "Gələcəyin rəqəmsal iqtisadiyyatını qurmaq" mövzusuna həsr olunmuş tədbir çərçivəsində Moldova Respublikasının dövlət rəsmiləri, texnologiya liderləri, investorlar və innovatorların iştirakı ilə rəqəmsal transformasiya sahəsində geniş müzakirələr aparılmışdır. 100-dən çox natiqin, 150-dən çox şirkətin və 3500-dən çox iştirakçının qatıldığı beynəlxalq sammitdə “Vətəndaşlara xidmətlərin rəqəmsallaşdırılması, açıq məlumat və şəffaflıq təşəbbüsləri”, “Gələcəyə uyğun işçi qüvvəsinin hazırlanması, ömür boyu öyrənmə mədəniyyətinin təşviqi”, “Kənd və şəhər arasında rəqəmsal bərabərliyin təmin edilməsi, kibertəhlükəsizlik və məlumat idarəçiliyi” və “Süni intellekt əsrində təhsil, kibertəhsil, tələbələr üçün qlobal imkanlar” kimi müxtəlif istiqamətləri əhatə edən panel müzakirələr, interaktiv seminarlar və praktik məşğələlər təşkil olunmuşdur. Bundan əlavə, sammitdə dərs planlaması və tələbəyönümlü interaktiv təqdimatlar üçün nəzərdə tutulan süni intellektə əsaslanan innovativ alətlər və yeni tətbiqlər nümayiş etdirilmişdir.