Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elm
və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elvin Əzizbəyov 2-6 iyun
2025-ci il tarixlərində Çex Respublikasının Praqa və Polşa Respublikasının
Vrotslav şəhərlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən təşkil olunmuş “Şərq
Tərəfdaşlığına üzv ölkələrdə Kiçik və Orta Sahibkarlıqların (KOS) Rəqəmsal Transformasiyasının
Dəstəklənməsi” mövzusunda təlim səfərində (Study Visit) iştirak edib.
Şərq Tərəfdaşlığı proqramına üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə Çex və Polşa Respublikalarında fəaliyyət göstərən Rəqəmsal İnnovasiya Qovşaqları (Digital Innovation Hubs), texnologiya transferi mərkəzləri, eləcə də KOS-ların rəqəmsal transformasiyası sahəsində elmi layihələr həyata keçirən ali təhsil müəssisələri və tədqiqat institutlarında görüşlər təşkil edilmiş, həmçinin hökumət nümayəndələri, özəl sektor təmsilçiləri, akademik dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri ilə mövzuya dair görüşlər keçirilmişdir.
Təlimlər zamanı iştirakçılar süni intellekt, kibertəhlükəsizlik və Sənaye 4.0 texnologiyalarının tətbiqi üzrə praktiki biliklər əldə etmiş, rəqəmsal dayanıqlığın və innovasiya potensialının artırılması istiqamətində beynəlxalq strategiyalarla tanış olmuşlar.