Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mərkəzi
icra hakimiyyəti orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün təlim baş
tutdu
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mərkəzi icra hakimiyyəti
orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün növbəti təlim keçirilib. Tədbir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan
Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün
Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı və 13 fevral
2020-ci il tarixli, 1816 nömrəli Sərəncamla təsdiqlənmiş “Məşğulluq
Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər
Planı”nın 2.8-ci bəndinə uyğun olaraq təşkil olunub.
Təlimdə Daxili İşlər Nazirliyinin, Baş
Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin və ASAN Xidmətin təlim mərkəzlərinin
nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru,
akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik
siyasəti: Suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində tətbiq olunan
innovativ islahatlar, şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğuna əsaslanan
yanaşmalar ətraflı təqdim olunub. Qeyd edilib ki, həyata keçirilən islahatlar
ölkənin müstəqilliyinin qorunması və suverenliyinin gücləndirilməsinə xidmət
edir, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına zəmin yaradır.
Akademik U.Ələkbərov vurğulayıb ki, bu gün
ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlətçilik və
idarəçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və
yeni mərhələyə yüksəldilir. Həmçinin qeyd olunub ki, innovativ idarəetmə
texnologiyalarının tətbiqi nəticəsində ölkə bir sıra strateji nailiyyətlər əldə
edib.
Tədbir
çərçivəsində vitse-prezidentlik institutunun yaradılması və Mehriban Əliyevanın
bu vəzifəyə təyin olunmasının önəmi qeyd olunub. Rektor qeyd edib ki, Mehriban
Əliyeva vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrdə geniş
fəaliyyət göstərir, dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynamaqdadır.
Onun təşəbbüsləri təhsil, səhiyyə, mədəniyyət və beynəlxalq humanitar
əlaqələrin inkişafına mühüm töhfə vermiş, dövlət idarəçiliyində çeviklik və
səmərəliliyin artırılmasına şərait yaratmışdır.
Təlim zamanı rektor, həmçinin Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyevanın ekoloji sivilizasiyaya keçid, inklüziv cəmiyyətin qurulması və
davamlı inkişafın təşviqi sahəsində həyata keçirdiyi layihələr barədə qeydlər
aparıb. Bildirilib ki, Leyla Əliyevanın təşəbbüsləri ekoloji dayanıqlılıq,
yaşıl iqtisadiyyat və insan hüquqları prinsiplərinin vəhdətini təmin etməklə
cəmiyyətin davamlı inkişafına töhfə verir.
Sonda vurğulanıb ki, bu kimi təşəbbüslər ölkənin
iqtisadi və sosial dayanıqlığını artırmaqla yanaşı, milli müstəqillik və
suverenliyin qorunmasına da xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın gələcək inkişaf
strategiyasının əsas dayağını təşkil edir.
Təlim
diskussiya formatında davam edib və uğurla başa çatıb.