loader image

Dia.edu.az


18 sentyabr 2025-ci il tarixində Dövlət İdarəçilik Akademiyasının (DİA) “Heydər Əliyev Mərkəzi”ndə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, dövlət suverenliyinin bərpası və qorunması sahəsində görülən işlərə, eyni zamanda, bu istiqamətdə əldə edilən uğurların təhlilinə həsr olunmuşdu.

Tədbiri giriş nitqi ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq qeyd etdi ki, bu dövr ərzində ölkəmiz mühüm siyasi, iqtisadi və hərbi uğurlar əldə edib. Rektor bildirdi ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla, Ermənistanın hərbi təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olmasına səbəb oldu.

Urxan Ələkbərov çıxışında həmçinin 2020-ci ilin 44 günlük Vətən müharibəsinin, eləcə də 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərinin əhəmiyyətindən danışdı. O bildirdi ki, bu tarixi Qələbələr ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən dövlət idarəetməsi strategiyasının məntiqi nəticəsidir. Rektor qeyd etdi ki, bu strategiyanın əsasını güclü ordu quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq müstəvidə prinsipial mövqe təşkil edib.

Akademik vurğuladı ki, məhz bu uğurların nəticəsi olaraq, Prezident İlham Əliyev 2024-cü il 19 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən, hər il 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Tədbirdə daha sonra çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov, DİA-nın Tarix kafedrasının professoru Havva Məmmədova, Beynəlxalq Münasibətlər kafedrasının professoru və “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri Elçin Əhmədov 44 günlük Vətən müharibəsinə aparan tarixi-siyasi prosesləri, 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərinin hüquqi əsaslarını və beynəlxalq kontekstdə yaratdığı reallıqları ətraflı təhlil etdilər.

Professor Elman Nəsirov bildirdi ki, Azərbaycan 1990-cı illərin əvvəllərində zəif və zəbt olunmuş bir dövlət statusundan bu gün regionun əsas siyasi və hərbi güc mərkəzinə çevrilib. O, ölkənin siyasi liderliyinin qətiyyətli addımlar ataraq suverenlik və ərazi bütövlüyü prinsipini dəqiq və ardıcıl şəkildə həyata keçirdiyini qeyd etdi.

Professor Havva Məmmədova isə Azərbaycanın dövlətçilik tarixində müstəqilliyin bərpasının və qorunmasının ciddi sınaqlardan keçdiyini vurğuladı. O, 2020-ci ildəki Zəfərimizə qədər olan dövrü təhlil edərək, bu uğurların yalnız hərbi sahədə deyil, həm də diplomatik və ideoloji sahədə də aparılmış uzunmüddətli mübarizənin nəticəsi olduğunu diqqətə çatdırdı.

Professor Elçin Əhmədov isə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərinin beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildiyini vurğuladı. O bildirdi ki, bu tədbirlər nəticəsində qondarma rejim özünü buraxdı, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan bütün əraziləri üzərində suverenlik tam təmin olundu və dövlətin nəzarət funksiyası tam bərpa edildi.

Tədbir iştirakçıları yekdilliklə vurğuladılar ki, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması təkcə tarixi qələbəmizin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə milli ruhun, dövlətçilik ənənələrinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.