loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar təsdiq olunmuş iş planına uyğun olaraq silsilə tədbirlər təşkil olunub.

24 sentyabr tarixində böyük akt zalında Anım Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfrans dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. O, 27 Sentyabrın Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını, bu günün xalqımızın milli qürur və həmrəylik günü kimi yaddaşlara həkk olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi daim qəlblərdə yaşayacaq və onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaq. Urxan Ələkbərov bildirib ki, bu böyük tarixi Qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən ardıcıl  şəkildə inkişaf etdirilən daxili və xarici siyasətin məntiqi nəticəsidir. Rektor Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi, siyasi və hərbi nailiyyətlərdən bəhs edərək, Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasir tələblərə uyğun zənginləşdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının bu uğurlarda həlledici rol oynadığını qeyd edib. Onun sözlərinə görə, məhz bu inkişaf xətti 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbəni təmin edən əsas amillərdən olub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə  çıxışında Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, 44 günlük müharibə Azərbaycan xalqının birliyi, dövlətimizin siyasi və hərbi gücünün təntənəsi oldu. Millət vəkili şəhidlərin qəhrəmanlığının dövlətçilik ənənələrimizin qorunmasında və milli həmrəyliyin möhkəmlənməsində misilsiz rol oynadığını vurğulayıb.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova isə çıxışında 27 Sentyabrın təkcə bir anım günü deyil, həm də Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, 2020-ci ildə başlanan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın mənəvi-psixoloji qələbəsinə çevrildi. F.Əhmədova şəhidlərin həyat yolunun, onların göstərdikləri qəhrəmanlığın gənc nəslə daha dərindən təbliğ edilməsinin vacibliyini qeyd edib.

Bundan başqa,  Anım günü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında kitab sərgisi baş tutmuşdur. Akademiyanın kitabxanasında təşkil olunmuş kitab sərgisində Vətən müharibəsinə, şəhidlərin qəhrəmanlıq yoluna və Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş nəşrlər nümayiş etdirilib. Sərgidə həm yerli, həm də xarici müəlliflərin əsərləri iştirakçılara təqdim olunub.

Tədbirlər silsiləsinin davamı olaraq Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə gənclər arasında konfrans da keçirilib. Gənc tədqiqatçılar öz məruzələrində Vətən müharibəsinin siyasi, hüquqi, sosial və hərbi aspektlərinə toxunaraq, şəhidlərin şərəfli həyat yolunun gənc nəslin milli kimlik və vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını xüsusi vurğulayıblar.