loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim baş tutdu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilmişdir. Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: Suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış etdi.
Təlim çərçivəsində Azərbaycanın dövlət suverenliyinin tarixi inkişafı və bu suverenliyin möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji tədbirlər ətraflı şəkildə təhlil edilmişdir. Akademik Urxan Ələkbərov vurğulamışdır ki, Prezident İlham Əliyev ölkənin müstəqilliyini qorumaq və davamlı inkişafını təmin etmək məqsədilə çoxsaylı islahatlar həyata keçirmiş, dövlət idarəçiliyində aparılan struktur və funksional təkmilləşdirmələr vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və daxili sabitliyinin möhkəmlənməsinə nail olunmuşdur.
Rektor çıxışı zamanı qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilmiş dövlət idarəçilik modeli, bu sahədə nəzəri konsepsiyaların formalaşdırılması və onların praktik tətbiqi nəticəsində mühüm nailiyyətlərə səbəb olmuşdur. İnnovativ idarəetmə texnologiyalarının tətbiqi, dövlətin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Akademik, həmçinin təlim zamanı Azərbaycanın Konstitusiyasının əsas prinsiplərinə—suverenlik, müstəqillik və demokratik dəyərlərə—xüsusi diqqət yetirmişdir. Bildirilmişdir ki, bu prinsiplər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsasını təşkil edir və ölkənin siyasi-hüquqi sistemində dayanıqlı əsas rolunu oynayır.
Tədbirdə rektor Urxan Ələkbərov tərəfindən ölkədə vitse-prezidentlik institutunun yaradılması və Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasının, Azərbaycan siyasi və idarəetmə sistemində mühüm bir institusional yenilik kimi tarixə düşdüyü qeyd olunmuşdur. Bu institutun tətbiqi, dövlətin idarəetmə effektivliyini və çevikliyini artıraraq, Prezident İlham Əliyevin rəhbərliyi altında milli inkişaf strategiyasına əlavə dəstək mexanizmi funksiyasını yerinə yetirmişdir.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafı üzrə müəyyən edilmiş strategiya və həmin ərazilərin "Yaşıl Enerji Zonası"na çevrilməsi təşəbbüsü, ölkənin suverenliyinin və müstəqilliyinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Rektor vurğulamışdır ki, bu strateji yanaşma, Azərbaycanın enerji təhlükəsizliyinin artırılması və bərpa olunan enerji sahəsində beynəlxalq rəqabətqabiliyyətli mövqe qazanması məqsədi daşıyır.
Nəticə etibarilə, bərpa olunan enerji mənbələrinə əsaslanan və xarici enerji asılılığını azaltmağa yönəlmiş bu siyasət, Azərbaycanın iqtisadi dayanıqlığını və milli suverenliyini möhkəmləndirərək, beynəlxalq səviyyədə enerji təhlükəsizliyi üzrə mövqelərinin gücləndirilməsinə şərait yaradır. Bu kontekstdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər, ölkənin suveren inkişafı və strateji müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar kimi qiymətləndirilir.
Təlim diskussiya formatında davam etdirilmiş və uğurla yekunlaşdırılmışdır.