
Professor Mahirə Hüseynovanın DİA -da tələbələr ilə görüşü baş tutdu
Aprelin 23-də Dövlət İdarəçilik Akademiyasında Tələbə Gənclər Təşkilatının “Political Scientists” klubunun təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə “Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib.
Tədbirdə Akademiyanın ictimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov professor Mahirə Hüseynovaya dəvəti qəbul edib gəldiyinə görə təşəkkürünü bildirib. O, çıxışında mövzunun aktuallığını vurğulayaraq, belə tədbirlərin gənclərin milli kimlik və tarix şüurunun formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Professor Mahirə Hüseynova Qərbi Azərbaycan toponimləri haqqında ətraflı şəkildə tələbələrə məlumat vermişdir. O qeyd edib ki, toponimlər xalqın tarixinin dəqiqləşdirilməsində, əcdadlarımızın ulu keçmişi haqqında biliklərin genişlənməsində mühüm rol oynayır, tarixi abidə kimi xalqın formalaşmasını, mənşəyini özündə qoruyub saxlayır.
Maraqlı və dolğun çıxışdan sonra tələbələr professor Mahirə Hüseynovaya mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıb, fikir mübadiləsi aparıblar.
Tədbir elmi və maarifləndirici xarakteri ilə seçilmiş, tələbələrin tarixə və milli kimliyə marağını daha da artırmışdır.
